
İlin sonunadək Özbəkistanda Azərbaycan mədəniyyəti günlərini və Azərbaycanda ali məktəblərin rektorlarının ikinci forumunu keçirəcəyik
Primeinfo.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuta birgə bəyanatında bildirib.
“Xalqlarımız arasında etibarlı dostluq körpüsü rolunu sıx mədəni-humanitar əlaqələrimiz oynayır. İlham Əliyevlə birlikdə Nizami Gəncəvi adına Pedaqoji Universitetin yeni binasını açacağıq. Mən bunu çoxdan planlaşdırırdım. Universitet mövcud idi, 1935-ci ildə yaradılıb, lakin bina müasir dövrün tələblərinə cavab vermirdi. Təməlini qoyarkən, bu binanın açılışında mütləq iştirak edəcəyimə ümid edirdim. Bu gün isə həmin tarixi hadisə reallığa çevriləcək. Yeni Daşkənddə Azərbaycan parkının tikintisinə də start verəcəyik. Əminəm ki, bu obyektlər xalqlarımızın sarsılmaz qardaşlığının və yaxınlaşmasının parlaq rəmzlərinə çevriləcək. Qarşılıqlı humanitar əlaqələrimizin qrafiki kifayət qədər dinamikdir. İlin sonunadək Özbəkistanda Azərbaycan mədəniyyəti günlərini və Azərbaycanda ali məktəblərin rektorlarının ikinci forumunu keçirəcəyik. Əlamətdar yaradıcılıq hadisələrindən biri də Nəvainin ədəbi irsinə həsr olunmuş birgə bədii filmin yaradılması olacaq. Bu barədə razılığa gəlmişik. Biz ictimai və gənclər arasında əlaqələri hərtərəfli dəstəkləyəcək, ünsiyyət, yaradıcılıq və innovativ ideyaların mübadiləsi üçün imkanlar yaradacağıq”, – deyə Şavkat Mirziyoyev qeyd edib.
O qeyd edib ki, FİFA-nın qərarına əsasən, gələn il Özbəkistan və Azərbaycan birlikdə planetin nüfuzuna görə ikinci ən əhəmiyyətli turniri olan gənclər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək: “Bu möhtəşəm idman tədbiri çərçivəsində genişmiqyaslı dövlət proqramının – “İki ölkə, bir çempionat” proqramının qəbul edilməsini təklif etmişik”.