
“Azərbaycan Böyük Britaniyanın mühüm iqtisadi tərəfdaşıdır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında bildirib.
Onun sözlərunə görə, iki ölkə arasında tərəfdaşlıq enerji sahəsində daha çox inkişaf edib:
“Bu gün tərəfdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil, innovasiya və hər iki tərəfdə də dərin köklər salan xalqlararası əlaqələri ehtiva edir. Azərbaycan dəyərli tərəfdaşdır, iki ölkəni bir-biri ilə əlaqələndirən sıx münasibətlər və günümüzün əsas çətinlikləri və imkanları barədə ortaq baxışlar mövcuddur. Məhz buna görə də hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək. Birləşmiş Krallıq və Azərbaycan hər iki ölkənin xalqları üçün real faydaları təmin edən ortaq bir gələcək qururlar”.
Səfir qeyd edib ki, iqtisadi artımın təmin edilməsi Böyük Britaniya hökumətinin prioritetlərindən biridir:
“Biz ticarət, investisiya və regional bağlantılar sahəsində daha dərin əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və çiçəklənən iqtisadi mühit yaradaraq, həm Britaniya, həm də Azərbaycan xalqına, eləcə də biznes müəssisələrinə fayda gətirəcək”, – deyə səfir vurğulayıb.
Dankan Norman bildirib ki, Azərbaycan müdafiə və sənaye sahəsində dəyərli tərəfdaşdır və bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb: “Azərbaycanın öz potensialını dəstəkləyərkən Birləşmiş Krallığın müdafiə sahəsində təcrübəsindən yararlanacaq. Təlim, daha sıx müdafiə əlaqələri və əməkdaşlıq imkanları vasitəsilə müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyirik”.
Səfir həmçinin təhsil sahəsinin iki ölkə arasındakı əlaqələrin ən güclü sütunlarından biri olduğunu qeyd edib: “Bu il Böyük Britaniya dövlət proqramı çərçivəsində xaricdə təhsil alan gənc azərbaycanlılar arasında yenidən ən populyar istiqamət olub: tələbələrin 61 %-i dünya səviyyəsində təhsil aldıqları Britaniya universitetlərini seçiblər”.