
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanlı həmkarı Giorgi Qvarakidzenin dəvəti ilə fevralın 23-də Tbilisi şəhərinə işgüzar səfərə gedib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, nümayəndə heyəti Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı, Ulu Öndərin burada ucaldılan abidəsini ziyarət edib.
Gürcüstan Baş Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev qeyd edib ki, Gürcüstan Azərbaycan üçün dost ölkə olmaqla yanaşı, strateji tərəfdaşdır. Belə ki, Gürcüstan uzun illər ərzində ölkəmiz üçün vacib iqtisadi və infrastruktur layihələrində yaxından iştirak etmiş, ölkəmizin regional və qlobal təşəbbüslərini dəstəkləyib. Xalqlarımız və dövlətlərimiz arasında mövcud dərin tarixi köklərə malik mehriban qonşuluq münasibətləri dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edib.
Bundan başqa, Prezident İlham Əliyevin iki ölkə arasındakı sarsılmaz birliyi gələcək nəsillər üçün ən böyük miras kimi qiymətləndirməsi, Gürcüstan Prezidentinin seçkilərdə qalib gəldikdən, Baş nazirinin isə Partiyasının seçkilərdəki qələbəsindən ilk rəsmi səfərlərini Azərbaycana etməsinin xüsusi önəm daşıması, Azərbaycanla Gürcüstanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi qeyd olunub və vurğulanıb ki, bütün bunlar ölkələrimiz arasında münasibətlərin ali səviyyədə mahiyyəti və gücünü bir daha göstərir.
Öz növbəsində Giorgi Qvarakidze qurumlararası münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Görüşdə iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına, o cümlədən korrupsiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətlər və mütəşəkkil cinayətkarlığın digər təhlükəli növlərinə qarşı birgə mübarizə, həmçinin ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, hüquqi və institusional əməkdaşlığın genişləndirilərək təcrübə mübadiləsinin aparılması ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, görüşdə konkret cinayət işlərinin istintaqı zamanı müəyyən edilmiş qarşılıqlı maraq doğuran xüsusatlar, göndərilmiş hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyətinə diqqət yetirilmiş, eləcə də sərhədyanı bölgələrin prokurorluqları arasında intensiv əməkdaşlıq əlaqələrinin vacibliyi qeyd edilməklə transsərhəd cinayətkarlığın qarşısının alınması ilə bağlı birgə tədbirlərin görülməsi müzakirə edilib.
Görüşlərdə ölkəmizin Gürcüstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib.
Səfər müddətində Baş prokuror, həmçinin ölkəmizin Gürcüstandakı səfirliyini ziyarət edərək heyətlə tanış olub.













