
Ölkəsi darmadağın edilmiş Fars hakimiyyəti özünü qalib yerinə qoyub təzminat, Hörmüz boğazını, nüvə proqramının davamını, Hizbullaha toxunulmamasını, zənginləşdirilmiş uranı özündə saxlamağı… istəyir. Bunun adı gerçəklik hissini itirməkdir. Nədən? Çünki Farsın yerə-göyə sığmayan hikkəsi gerçəkliyi görməyə mane olur.
“Farsın hikkəsi” dedik, “İranın” deyil. Çünki 1925-dən bu yana bu çoxmillətli coğrafiya Fars dövləti xarakteri alıb. Prezidentinin, hətta ali rəhbərinin kimliyindən asılı olmadan.
Bu xəstəlik indi yaranmayıb. Tarixi kökləri var. Bu köklərdən bəzilərini deyək.
Sultan Bəyazid zamanında oğlu saydığı Şah İsmayıla yazdığı məktubunda bu Perslərə güvənmə deyirdi, onlar özlərindən olmayan hökmdarlara itaət etməyən xalqdır, iddialılar deyirdi.
Onlar Sünni çoxluğunda əriməmək üçün Şiəliyi özünüqoruma mexanizmi kimi istifadə etdilər. İslam dünyasını parçaladılar (Əhməd Ağaoğlu gözəl izah edir).
Quranı deyil, Şahnaməni ana kitabı saydılar, tərbiyə sistemini bu əsərə dayandırdılar. Bu kitab Fars ünsürünə etnik şüur vermiş olsaydı, nə əla! Onlarda etnik üstünlük xəstəliyi yaratdı. Ərəbi, Türkü aşağıladı.
1000 illik Türk hökmdarları Fars dilini, şeirini, katibini-məmurunu himayəsi altına aldı. Rəsmi İran tarixçiliyi isə onları yad, dağıdıcı, işbilməz ünsür olaraq yerdən yerə vurur (halbuki bu hökmdarları qınamağa qalırsa, buna bizim daha çox haqqımız çatır).
İrqçiliyin Avropada yayıldığı dönəmdə Farslar üzə çıxarıldı. Hindistanla Avropa arasındakı körpü kimi, daha çox da Avropanı təhdid edən Türklərə qarşı qullanmaq üçün. Əhəmənilər, Sasanilər tarixi o qədər şişirdildi ki, yeni ayaq açan Fars millətçiliyi İranı dünyanın mərkəzi sandı (Fullerin “Center of the Universe” kitabına baxın).
XİX yüzildə İngilislər bunları o qədər öyməli idilər ki, hədəf, bu miflərə inanmış olsun. Qədimdə böyük imperiyalar qurmuş, böyük mədəniyyət yaratmış bu xalq Türk hakimiyyətini (Qacarları) qəbul etməyi özünə yaraşdırmamalı idi. Elə də oldu.
1919-da savaşda iştirak etməyən İran nümayəndələrinin müstəqil Quzey Azərbaycanı, Şərqi Gürcüstanı, Ermənistanı tələb etmələrini Paris Sülh Konfransındakı dünya böyükləri acı gülüşlə qarşıladılar.
1925-də hakimiyyətə yiyələnən bu xalq havalandı. Çoxmillətli İranı özününküləşdirdi. İran, Fars milli dövləti oldu. Türkə eşşək, Giləyə balıq başı sömürən, Ərəbə kərtənkələ yeyən… adı qoydu. Onları lətifə qəhrəmanı etdilər, aşağıladılar. Onların dili, mədəniyyəti, varlığı inkar edildi. Son illərdə stadionlarda “Türkə ölüm!” deyə bağırmağa başladılar.
Pəhləvi XX əsrin sonunda İranı dünyanın dördüncü qüdrətli dövlətinə çevirəcəyini vəd edirdi.
Farslar, Pəhləvi şovinizminin tarix olmasından sonra bu dəfə dini alət etdilər. Müsəlman dünyasının hamisi iddiasında bulundular. Halbuki bu haqqı onlara heç kim verməmişdi. Əslində bunların islamçılığı da, şiəçiliyi də Fars/İran dövlətinin genişlənməsinə xidmət etməli idi. Daha böyük əzmlə Şiələri silahlandırdılar. Livan, İraq, Yəmən, Fələstində əlaltı qüvvələrini yaratdılar. Türkiyədə, Azərbaycanda, Gürcüstanda, Rusiyada və başqa ölkələrdə dini təşkilatlar qurdular…
Bu arada İranın şərqində ona düşmən olan Taliban (2001), qərbində Səddam rejimini (2003) Amerikanın devirməsi əlini- qolunu açmış oldu. Genişlənən, böyüyən Fars dövlətinin (yəni İran İslam Cümhuriyyətinin) iddiaları yerə-göyə sığmaz oldu. Bircə atom bombasına sahib olmaq xəyalı qalırdı. Amerikanın israrlarına, İsrailin saçını yolmasına baxmayaraq, danışıqlar adı ilə zaman qazanmağa çalışdılar.
Olmadı.
12 Günlük Savaşda (2025) Fars dövlətinə (Farsların özgüvəninə) tərs şapalaq dəydi. Bu da kar etmədi. Nüvə araşdırmaları davam edəcək dedilər. Dinc məqsədlə istifadə edəcəksənsə, uranı 60%-dək zənginləşdirməyə nə ehtiyac soruşulanda yenə içiboş izahlar verildi.
Savaşın ilk mərhələsi 40 gün çəkdi. Elə birinci gün ali rəhbərini və 40-dan artıq komandanını itirdi. Fars dövlətinin artıq nə hərbi hava gücü, nə havadan müdafiə sistemi, nə donanması var. Hərbi sənayesinə böyük zərbə dəyib. Güvəndiyi raketləri atmalı olan qurğuları qorxa-qorxa deşikdən çıxarda bilirlər. Önəmli sənaye müəssisələri dağıdılıb. İqtisadiyyatı çöküb…
İslamabad danışıqları pozuldu. “İslam Cümhuriyyəti” rəhbərləri yekə-yekə bəyanatlar verirlər. Yenə də asarıq-kəsərik deyirlər. Niyə? Çünki hikkə deyilən bir xəstəlik var. Bu xəstəliyin də cərrahi əməliyyatdan başqa çarəsi yoxdur.
P.S. Lütfən, yazının müəllifini Amerikan imperializminin, İsrail qəssablığının müdafiəçisi sanmasınlar. Bu, ayrı mövzudur.
P.P.S. Yazını “Bütöv İrançılar”, “Türklərin İranı” deyənlər daxil, bütün İran heyranlarının oxuyub düşünmələri arzu edilir.
Nəsib Nəsibli, Azərbaycanın İrandakı keçmiş səfiri, professor