
Məşhur ABŞ-li müğənni və aktrisa Britni Spirs alkoqol və narkotikin təsiri altında avtomobil idarə etdiyi şübhəsi ilə saxlanıldıqdan sonra reabilitasiya mərkəzinə yerləşdirilib.
Primeinfo.az “California Highway Patrol”a istinadən xəbər verir ki, bu barədə pop ulduzun nümayəndəsi məlumat verib.
O bildirib ki, 44 yaşlı sənətçi könüllü olaraq müalicə üçün mərkəzə müraciət edib.
Martın 5-də Los-Angeles sərhədinə yaxın yolda yol polisi Spirsi sərxoş halda avtomobil idarə etməsinə görə saxlayıb. Müğənni bir sıra ayıqlıq testlərindən keçirilib və alkoqol ilə narkotik qarışığının təsiri altında avtomobil idarə etdiyi şübhəsi ilə saxlanılıb. O, polis tərəfindən rayon həbsxanasına aparılıb və bir neçə saat sonra sərbəst buraxılıb.
Lakin mayın 4-də müğənni törətdiyi qanun pozuntusuna görə hakim qarşısına çıxmalıdır. Yalnız məhkəmə iclasından əvvəl Spirsə qarşı ittiham irəli sürülüb-sürülməyəcəyi barədə qərar verilməsi gözlənilir.
Qeyd edək ki, son illərdə Britni Spirs musiqi karyerasını xeyli geri plana çəkib. O, təxminən 8 ildir turneyə çıxmayıb və demək olar ki, 10 ildir yeni albom yayımlamayıb.
2008-ci ildə ifaçı narkotik maddələrlə bağlı problemlərinə və psixi sağlamlığı ilə əlaqədar narahatlıqlara görə qismən fəaliyyət qabiliyyətini itirmiş hesab edilərək məcburi qəyyumluğa verilib. 2021-ci il noyabrın 13-də ABŞ məhkəməsi qəyyumluğun ləğvi barədə qərar çıxarıb. Pop ulduz təxminən 14 il davam edən qəyyumluğun sona çatması ilə həyatına və maliyyə qərarlarına nəzarəti yenidən əldə edib.
Britni Spirs 2 il sonra isə çox satılan xatirə kitabı “The Woman in Me”ni yayımlayıb.