
Rusiya Federasiyasının Yekaterinburq şəhərində yerləşən Kirovski Rayon Məhkəməsi Ural regionunda Azərbaycan diasporuna rəhbərlik etmiş Şahin Şıxlinski və onun vəkil kimi fəaliyyət göstərən oğlu Mütvəli barəsində həbs qərarı çıxarıb.
Primeinfo.az Oxu.az-a istinadən məlumat verir ki, bu barədə “e1.ru” məlumat yayıb.
Ata və oğlu barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci bəndi əsasında cinayət işi başlanılıb. Təqsirləndirilən şəxslər özlərini günahkar bilməyiblər. Dövlət ittihamçısı yekun çıxışında onların hər ikisinin 9 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.
Məhkəmənin qərarına əsasən, Şahin Şıxlinski irəli sürülən ittihamlar üzrə təqsirli bilinərək 9 il həbs cəzası alıb. Əvvəlki məhkəmə hökmü də toplanaraq ona ümumilikdə 24 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bu müddətin ilk 4 ili həbsxanada, qalan illəri isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçiriləcək.
Xatırladaq ki, hər iki şəxs hüquq-mühafizə orqanı əməkdaşına qarşı zor tətbiq etməkdə günahkar sayılıb. Şıxlinskilərin məhkəməlik olmasına səbəb olan insident 2025-ci il iyulun 1-də “Bakı Plaza” ticarət mərkəzinin ətrafında qeydə alınıb. Həmin tarixdə güc strukturlarının əməkdaşları Mütvəlinin idarə etdiyi və atasının sərnişin qismində əyləşdiyi “Mercedes” markalı nəqliyyat vasitəsini dayandırıblar. Məqsədin Şahinə istintaqda iştirak etmək üçün çağırış vərəqəsini təqdim etmək olduğu qeyd edilir, lakin Mütvəli avtomobili arxaya sürərək hüquq-mühafizəçilərdən birini vurub. Sonradan zərərçəkənin Milli Qvardiya xidmətçisi, polis leytenantı olduğu aydınlaşıb.
Qeyd edək ki, bu ilin mart ayında Şahin Şıxlinski qətl və adam öldürməyə cəhd işləri üzrə də məhkum edilmişdi.
Oğlu Mütvəli Şıxlinski də günahkar hesab olunub və ümumi rejimli koloniyada cəza çəkməklə 8 il müddətinə həbs edilib.
Zabitə xəsarət yetirilməsi zamanı istifadə olunan “Mercedes-Benz” avtomobili isə dövlət nəfinə müsadirə olunub. Məhkəmənin qərarı hələ qanuni qüvvəsini almayıb və tərəflərin apelyasiya şikayəti vermək hüququ var.
Məlumat üçün bildirək ki, 2025-ci ilin 1 iyul axşamında sabiq diaspor sədri Şahin Şıxlinski və oğlu Mütvəli ailənin mülkiyyətində olan “Bakı Plaza”nın yaxınlığında xüsusi təyinatlı dəstə tərəfindən yaxalanmışdı. O zaman onlar zirehli “Mercedes Gelandewagen” maşınında idilər. Saxlanılma anını əks etdirən videolarda maskalı şəxslərin nəqliyyat vasitəsinə yaxınlaşaraq şüşələri sındırması görünür. Bu vaxt sürücü geri hərəkət edib və zabitlərdən biri yerə yıxılıb. Bunun ardınca Şıxlinskilər avtomobildən çıxarılaraq asfalta uzadılıblar. Mütvəli qısa müddət sonra sərbəst buraxılsa da, Şahin Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb.
Həmin il iyulun 16-da Mütvəli Leninski Rayon Məhkəməsinin qərarı ilə həbs edilib, atası isə Moskvaya gedib. Avqustun 2-də Şahin Şıxlinski könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. Basmannı Məhkəməsinin qərarı ilə onun barəsində də həbs qətimkan tədbiri seçilib.
2026-cı il martın 5-də Şıxlinski qətlin sifarişi və adam öldürməyə cəhd maddələri ilə günahkar bilinərək 22 il müddətinə ciddi rejimli həbsə məhkum edilib.
Məhkəmə prosesində onunla birlikdə təqsirləndirilən digər şəxslərə də hökm oxunub və həbs cəzası kəsilib:
Akif Səfərov – 21 il,
Bəkir Səfərov – 10 il,
Ayaz Səfərov – 20 il,
Kamal Səfərov – 14 il,
Məzahir Səfərov – 13 il,
Şadjayəddin Rəcəbov – 14 il.
Xüsusi vurğulamaq lazımdır ki, istintaq orqanları Şahin Şıxlinskinin 2001-ci ildə iş adamı İkram Paşayevin öldürülməsində və Fehruz Şirinova qarşı təşkil edilən sui-qəsddə əli olduğunu sübuta yetirib. Həmin vaxt cinayətkarın silahında yaranan nasazlıq səbəbindən Şirinov sağ qalmışdı.
Bu cinayət işi 15 il sonra yenidən icraata götürülmüşdü.
