Xəbər axtarın

Son axtarış nəticələri:

Utopik əsarət...

13.04.2026 13:59


Orta Şərqin İkinci Dünya müharibəsi sonrasında yaradılan saxta siyasi varlıq dirəklərinin laxladığı və bəzilərinin əyildiyi yaşadığımız bu 40 günlük çilənin sosioloji təhlilini aparan demək olar ki, bir Allahın qulu çıxmadı. On illərdir şirkət filialları kimi fəaliyyət göstərən Qərbin elmi-akademik quruluşlarından da səs çıxmadı. Kiçik burju həvəsiylə elmi əxlaqlarını çoxdan tərk etmiş avropalı titullu fikir adamları belə neftin dərdini çəkməyi tərcih etdilər.

Strategiya deyilən saxta elmin yaydığı miflər insanların beynini elə işğal edib ki, açılan hər ekrandan insanın üstünə bir zəbani şığıyır. Hər partlayış, hər zərbə bu strateg-zəbanilər tərəfindən müqəddəs ayətin təfsiri kimi saatlarla, günlərlə şərh edilir. Hər nə isə, sözün doğrusu bütün bunlar mənim dərdim deyildir. Sadəcə müşahidələrimi bölüşmək istədim.

Əvvəla bu müharibədə bol miqdarda məzhəbi-mifik şüarlar səsləndi. Ağ Evdə İsa mərasimləri, Təl-Əvivdə Məsih seansları və Tehran səmalarında qeyb imam uçuşları və mərsiyə şovları döyüşçülərin bütün niyyətlərini yaxşı ört-bas etdirdi.

İkinci, min illik miflər və xəyalları dilindən düşürməyənlər ən müasir texnologiyalarla savaşaraq ayaqda qaldılar. Siyasət insanları köhnə vasitələrlə meditasiya edərkən, ən modern vasitələrlə özünü müdafiə etdi.
Üçüncü, modern siyasətin icadı olan xalq-dövlət dualizminin heç bir mənasının qalmadığı ortaya çıxdı. Ailələrin, qrupların, sülalələrin, şirkətlərin maraqları müharibənin kölgəsində qara-basma kimi aydın göründü.

Dördüncü, diplomat deyilən Kissingervari simaların stulunu yaxşı diplomlu şirkət uşaqlarının istila etdiyi və onların da dünya təsəvvürünün ChatGpt-dən ibarət olduğu aydın oldu.
Beşincisi, saxta sərmayələrin və sərmayədar kralcıqların yaydığı xoşbəxtliyin hər an cəhənnəmə dönəcəyi ortaya çıxdı.

Altıncısı, 70 ildir dünyada hökm sürən “yəhudi paradiqması” İsralin özü tərəfindən darmadağın edildi.
Yeddincisi, insan haqları və demokratiya mifiylə kükrəyən pax-Amerikanın maskası yandı, bitdi, kül oldu.
Səkkiz, ingilislərin Yaxın və Orta Şərqi ingilislərsiz öz dərdini həll edə bilmədi.
Doqquz, müharibəyə qədər 2500 yaşı olduğu iddia edilən İran mədəniyyətinin yaşı 5 min artıb 7 minə çıxdı.

On, Xəzər dənizinin dərdi artdı.

On bir, final qabaqdadır…

Əkbər Nəcəf, tarixçi alim

Paylaş: