Xəbər axtarın

Son axtarış nəticələri:

Mahnının müəllifi kənarda qalır, şöhrəti ayrısı qazanır

22.06.2026 13:09

Mahnının müəllifi kənarda qalır, şöhrəti ayrısı qazanır

Sosial şəbəkələrdə görünməyən müəllif: Şöhrətin kölgəsində qalan bəstəkarlar

İndi bir musiqi parçası ilə bir neçə günün içində bütün dünyada populyar olub şöhrət qazanmaq mümkündür. Rəqəmsal texnologiyalar, sosial şəbəkələr bunun üçün hər cür imkan yaradıb. Bu gün bir musiqiçi ev şəraitində mahnı bəstələyə, onu səsləndirə və bir neçə dəqiqə ərzində dünyanın istənilən nöqtəsində dinləyicilərə çatdıra bilər.

Lakin internet və sosial şəbəkələrin yaratdığı bu şərait digər tərəfdən fərqli problemlər ortaya çıxarıb. Bunlardan biri də müəlliflərin, bəstəkarların, söz yazarlarının və ifaçıların hüquqlarının pozulmasıdır.
Sosial şəbəkələrdə tez-tez belə hallara rast gəlinir: bir bəstəkar mahnını yazır, aranjeman etdirir və ifa edir.

Lakin əsər geniş auditoriyaya çata bilmir, tanınmır. Bir müddət sonra həmin mahnını başqa bir ifaçı səsləndirir və ya hansısa məşhur bloqer videolarında istifadə edir. Nəticədə mahnı milyonlarla baxış toplayır. Belə hallarda adətən əsərin əsl müəllifinin adı qeyd olunmur, müəllifə nə mənəvi, nə də maddi qazanc çatır.

Əslində isə yaradıcı şəxslərin müəllif hüquqları qanunlarla tamamilə qorunur. Əqli mülkiyyət hüququ – yalnız mahnının söz və musiqisini deyil, həm də ifanı və səs yazısını qoruyur. Bu səbəbdən əsərin müəllifdən icazə alınmadan istifadə edilməsi, yenidən işlənməsi və ya kommersiya məqsədilə yayılması hüquq pozuntusu hesab oluna bilər.

Qanunda hüquqlar necə qorunur?

Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə görə, “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”. Konstitusiyanın 51-ci maddəsi ölkəmizdə yaradıcılıq azadlığına tam təminat yaradıb: “Hər kəsin yaradıcılıq azadlığı vardır. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir”.

Azərbaycanın “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun müxtəlif maddələrində ifaçıların hüquqlarının qorunması ilə bağlı məsələlər kifayət qədər geniş şəkildə öz əksini tapıb. Qanunun 39-cu maddəsinə görə, ifaçının şəxsi (qeyri-əmlak) hüquqları var: bura ad hüququ; ifanın ifaçının şərəf və ləyaqətinə xələl gətirə biləcək təhrif və dəyişikliklərdən qorunması hüququ; ifadan istifadəyə görə qonorar almaq da daxil olmaqla, ifadan istifadəyə müstəsna hüquqları daxildir.

Eyni zamanda ifaçının əmlak (iqtisadi) hüquqları var ki, bunlara əsasən ifaçı öz ifasının efir və ya kabel vasitəsilə yayımına; yazılmasına; surətinin çıxarılmasına; satışına və yayılmasına; internetdə və digər şəbəkələrdə kütləyə çatdırılmasına; icazə vermək və ya qadağan etmək hüququna malikdir. İfaçının bu hüquqları ilk ifa edilən tarixdən 50 il müddətində qüvvədə olur. Qanunun 45-ci maddəsinə görə, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Bu zaman qarşı tərəfdən zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi tələb edə bilərlər.

Mövcud qanunvericiliyə görə, müəllifin Qanunla nəzərdə tutulan əmlak hüquqları müəllif müqavilələri üzrə verilə bilər və onun ölümündən sonra vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir. Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 70 il müddətində qüvvədə qalır.

Musiqi oğurluğuna görə cərimə və 2 il həbs cəzası

İfaçı hüquqlarının qorunmasına aidiyyəti olan normalar bir sıra digər qanunvericilik aktlarında, o cümlədən Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində öz əksini tapıb. İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə əsasən, az miqdarda ziyan vurulduqda hüquqpozan şəxs 80 manatdan 150 manatadək cərimə edilir və pirat məhsullar müsadirə olunur. Cinayət Məcəlləsinin 165-ci maddəsinə görə isə müəlliflik və əlaqəli hüquqların pozulması nəticəsində xeyli miqdarda ziyan vurulduqda 1000–2000 manat məbləğində cərimə, ictimai işlər, təkrar və ya ağırlaşdırıcı hallarda isə 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər

Göründüyü kimi, qanunlar kifayət qədər sərt cəzalar nəzərdə tutur. Bununla belə, sosial şəbəkələrdə müəllif hüquqlarının pozulması halları dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da aktual problemlərdən biridir. Məşhur mahnıların müəllifliyi məsələsi bəzən ictimaiyyətə göründüyündən daha mürəkkəb olur. Əsərin müəllifinin müəyyənləşdirilməsi, istifadəsinə icazə verilməsi və əldə olunan gəlirin bölüşdürülməsi hüquqi prosedurlar tələb edir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi indiyədək bəzi mahnılarla bağlı iddialara son vermək üçün bir neçə dəfə rəsmi açıqlamalar yayıb.

Musiqi müəlliflərinin hüquqlarının pozulması yalnız Azərbaycana xas problem deyil. Dünyanın ən məşhur müəllif hüquqları qalmaqallarından biri Britaniyanın The Verve qrupunun 1997-ci ildə təqdim etdiyi “Bitter Sweet Symphony” mahnısı ilə bağlıdır. Mahnı qısa müddətdə dünya hitinə çevrilsə də, sonradan müəlliflik hüquqları ilə bağlı ciddi mübahisə yaranmışdı. Məhkəmə qərarları nəticəsində qrupun solisti Richard Ashcroft uzun illər ərzində mahnıdan əldə olunan gəlirlərin böyük hissəsindən məhrum qaldı. Yalnız 2019-cu ildə tərəflər arasında əldə olunan razılaşmadan sonra müəlliflik hüquqları ona geri qaytarıldı. Musiqi tarixində ən məşhur hüquq mübahisələrindən biri sayılan bu hadisə müəllif hüquqlarının nə qədər həssas məsələ olduğunu göstərir.

TikTok dövründə müəllif olmaq

Müasir dövrdə problem daha fərqli forma alıb. TikTok, Instagram və YouTube kimi platformalarda hər gün milyonlarla video paylaşılır. Bu videolarda istifadə olunan musiqilərin hamısının müəllifindən icazə alındığını demək mümkün deyil. Bəzən bir mahnının müəllifi öz paylaşımında cəmi bir neçə min baxış topladığı halda, eyni mahnı başqa istifadəçilərin videolarında milyonlarla insana çatır.

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri də müxtəlif çıxışlarında musiqi sahəsində plagiat və müəllif hüquqlarının pozulmasının geniş yayıldığını bildiriblər. Onların sözlərinə görə, yaradıcılıq məhsulunun icazəsiz istifadəsi müəllifin həm mənəvi, həm də əmlak hüquqlarının pozulması deməkdir. Xüsusilə rəqəmsal mühitdə bu halların aşkarlanması və sübuta yetirilməsi daha çətin xarakter daşıyır.
Müəllif hüquqları yalnız sosial şəbəkələrlə məhdudlaşmır

Bu problem yalnız sosial şəbəkə platformaları ilə məhdudlaşmır, eyni zamanda daha geniş musiqi mühitində də müxtəlif formalarda özünü göstərir. Azərbaycanda bu sahədə həm daxili, həm də xarici ifaçılar tərəfindən Azərbaycan musiqi əsərlərinin mənimsənilməsi halları müşahidə olunur.
Məsələn, ötən illərdə bir neçə erməni ifaçı Azərbaycan sənətçilərinə məxsus mahnıları fərqli adlar altında və müəllif göstərilmədən ifa edərək YouTube platformasında yayımlayıb.

Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısı (musiqi Nüşabə Muradovaya, sözlər Südabə Şəfaya məxsusdur) Artash Asatryan tərəfindən “Ter Hisus Ari” adı ilə yayımlanaraq müəlliflik göstərilmədən təqdim edilmişdi.

Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi, musiqisi Gülər Həsənovaya, sözləri Baba Vəziroğluna məxsus “Yeni il mahnısı” da Tiqran Asatryan tərəfindən “Qez Hamar” adı ilə YouTube-da yerləşdirilmişdi.
Qarmon ifaçısı Qagik Stepanyan isə “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” kimi Azərbaycan mahnılarından istifadə edərək popuri hazırlamış, lakin müəllifləri göstərmədən paylaşmışdı. Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan da musiqisi Ələkbər Tağıyevə, sözləri Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsəyərək yunan dilində “Hara gedir” adı ilə YouTube platformasında təqdim etmişdi.

Əqli Mülkiyyət Agentliyinin müdaxiləs nəticəsində Artash Asatryanın, Tiqran Asatryanın, Qagik Stepanyanın və Ovik Dəmirçyanın erməni nümunələri kimi təqdim etdikləri yuxarıda göstərilən ifalar YouTube platformasından silinib.

Cəmiyyətin münasibəti necə olmalıdır?

Problemin digər tərəfi isə cəmiyyətin müəllif hüquqlarına münasibəti ilə bağlıdır. Sosial şəbəkə istifadəçilərinin bir hissəsi internetdə yerləşdirilən məzmunun sərbəst istifadə üçün açıq olduğunu düşünür. Halbuki müəllif əsərini internetdə paylaşmaq onun hüquqlarından imtina etməsi demək deyil. Qanun müəllif adının göstərilməsini, əsərin bütövlüyünün qorunmasını və istifadəyə görə icazə alınmasını tələb edir.

Rəqəmsal dövr musiqinin sərhədlərini aradan qaldırıb. Lakin müəllif hüquqlarına hörmət prinsipi dəyişməyib. Mahnının kim tərəfindən yazıldığı, bəstələndiyi və ilk dəfə kim tərəfindən ifa olunduğu unudulmamalıdır. Çünki hər məşhur mahnının arxasında görünməyən bir yaradıcı zəhmət dayanır. Sosial şəbəkələrdə milyonlarla baxış qazanan hər musiqi parçası ilk növbədə onun müəllifinin hüquqlarının qorunmasını tələb edir. Yaradıcılığın inkişafı da məhz bu hörmətdən başlayır.

Fidan Əli

p.s. Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Rəqəmsal məkanda əqli mülkiyyətə hörmət” layihəsi çərçivəsində hazırlanıb. Yazıda əks olunan fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Paylaş: