Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”nın qalibi müəyyənləşib. Primeinfo.az xəbər verir ki, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2026”ya start verilib. Primeinfo.az xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışırlar. Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir.
“Bakı Marafonu 2026” tədbiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, E1, H1 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Dəyişikliyə əsasən, 1 nömrəli marşrutun (“Neftçilər” m/st istiqaməti) və H1 nömrəli marşrutun (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqaməti) fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.