
Azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi barədə jurnalistlər Ermənistan lideri Nikol Paşinyanın mövqeyini öyrənməyə cəhd ediblər.
Primeinfo.az xəbər verir ki, bu barədə “News.am” nəşri məlumat yayıb.
Bildirilib ki, yerli KİV nümayəndələri baş nazirdən azərbaycanlı hərbçinin taleyinin necə olacağı və bununla bağlı hansısa bir qərarın qəbul edilib-edilməməsi barədə soruşublar.
Paşinyan sualını cavablandırmaqdan imtina edərək, qısa olaraq “cümə axşamı brifinqimiz olacaq” deyə cavab verib. Onun ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı hər hansı bir qərarın olub-olmaması barədə dəqiqləşdirici sualı isə Paşinyan cavabsız qoyaraq oradan uzaqlaşıb.
Qeyd edək ki, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Musayev Ermənistanın təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.
Zəngəzurun Şəki kəndi istiqamətində naməlum şəraitdə dövlət sərhədini keçən azərbaycanlı hərbçi Ermənistanda 2 ay müddətinə həbs edilib.