
Türkiyənin iç siyasətində baş verənlərə Azərbaycandakı FETÖ möhkəm əsəbiləşib. Ard-arda “demokratiya” kəlməsinə sarılıb statuslar yazırlar, prezident Ərdoğanın adını çəkərək və çəkməyərək onu avtoritarizmdə suçlayırlar.
Hələ çox məyus olacaqlar…
Bir siyasət yazarı və yorumçusu kimi siyasi azadlıqların cümhuriyyət üçün qədər qiymətli olduğunu təbii, bilirəm. Onu da bilirəm ki, bir müxalifət partiyası gerçəkdən ölkəsini daha yaxşı idarə edəcəyinə əmindirsə, iqtidara iddia zamanını doğru seçməlidir. Seçə bilməsə, ölkəsi üçün ən ideal siyasi komanda olsa belə, seçkiyə yetişmədən gücünü itirəcək, parçalanacaq, məğlub olacaq.
Amma müxalifət üçün bundan da vacibi iqtidar olmağın yox, dövlətin möhkəmlənməsinin təəssübünü çəkmək qabiliyyətinin olmasıdır. O zaman millət o gücü başının üstündə saxlayar.
Dünya bölünür, qlobal oyunçular regionları öz maraqları üzrə dizayn edir. İqtidarlar dövlət, millət, eyni zamanda hakimiyyətdə qalmağın yeni paradiqmalarını qurur. Türkiyə də həmçinin. Doğu ilə Batının qovşağında heç zaman olmadığı qədər güclü bir Türkiyə var.
Bir əli Orta Doğuda, bir əli Qafqazda, bir əli Türküstanda yeni dünya düzəninin qurulmasında aktiv rol alan Türkiyə.
1 kq zireh istehsal etmək haqqını NATO-dan ala bilməyən Ankaranın qapısında indi aparıcı ölkələr TC istehsalı çağdaş hərb avadanlıqlarını almaq üçün sıra gözləyirlər. Pakistanla qurduğu hərbi ittifaq, TDB potensialını doğru dəyərləndirməsi ona regionüstü güc statusu qazandırıb.
Rusiya Türkiyə donanmasının qorxusundan burnunu Qara dənizə çıxara bilmir. Od söndürülüb, külü ilə – Ermənistanla oynamaq məcburiyyətində qalıb Kreml. Dünyanın işinə bax… Kimin sayəsində? Qarabağ savaşında Azərbaycanın yanında dayanan Türkiyənin, təbii ki…
“Çayı keçəndə atları dəyişməzlər” deyə bir deyimimiz var. Siyasi müzakirələrdə tez-tez işlədilir. Çox müdrik yanaşmadır.
Yaxşı bəs, Türkiyə müxalifəti bu vacib məqamı niyə nəzərə almır? Axı, bu gün koridorlarında bibər qazı sıxılan, genəl başqanı məqam otağından polis gücü ilə çıxarılan CHP Türkiyə Cümhuriyyətini quran partiyadır. Necə olur ki, siyasi keçmiş və təcrübə baxımından ən qədim partiya belə duruma düşür?
Səbəblər çoxdur…
Türkiyənin iç siyasətini yaxından izləyənlər yaxşı bilir, CHP uzun illərdir yalnız şüar səsləndirməklə məşğuldur. Son bələdiyyə seçkisində qələbələri də onların daha uğurlu siyasi güc olmalarından çox dinamik siyasətə alışmış seçicilərin AK Partidən yorulmalarının nəticəsi idi. CHP bələdiyyə başqanları xüsusi işgüzarlıqları ilə seçilmirlər. Bir Mansur Yavaşı bəyənir ankaralılar, o da kökdən ülküçü-MHP-li olduğu üçün CHP-lilərin özləri ona ürək qızdırmırlar.
Türkiyənin regionüstü güc olması iqtisadi mənada ona baha başa gəlib. Təsir coğrafiyasının genişlənməsinə qarşı çıxan güclər Ankara üçün son illər nə qədər əngəllər, sıxıntılar yaradıblar. Əsas da PKK te@rroru ilə. Cümhur İttifaqı öhdəsindən gəlib. Açılım siyasətinə qarşı çıxanlar yavaş-yavaş terror bölgəsindən kənar güclərin əl götürməyə məcbur olduğunu etiraf edirlər.
Üstəlik…
Təhülkəsizlik qarantörlüyünü üstləndikləri ölkələr Türkiyəni iqtisadi sıxıntıların içərisində tək qoymayıblar. Zamanında nəfəslik kimi görünən bu çiyindayamalar indi Türkiyə üçün üfüqə qədər uzanan ənginliklərə çevrilməkdədir. Tam o zamanı yaşamaqdayıq.
Və tam o zamanda müxalifət “erkən seçki” çağırışları ilə gündəm dəyişir. Müxalifətin hədəfinin də, haqqının da hakimiyyətə gəlmək olduğunu kimsə mübahisələndirə bilməz. Amma niyə iqtidar mübarizəsi dünya düzəni qurulmasının son, həlledici mərhələsində qızışdırılır? Bu, bəsirətsizlik də deyil, nədir?
Hansı iqtidar rəqibinin bu hərəkətinin kənar gücdən qaynaqlandığını deyib onun üstünə ən ağır şəkildə yeriməz? Yeriməsə, çəkingənlik etsə, sonu hüsran olar. 33 il öncə 4 iyunda biz bunu yaşadıq. İyundan sentyabra qədər Qarabağ və çevrəsi tam işğal olundu. 27 ilimiz nə məhrumiyyətlə keçdi. Şükür ki, dövlət və toplum kimi bütövləşə bildik, işğalı tariximizdən sildik. Amma fəsadları hələ də bitməyib.
Kənar gücü ölkənə buraxdınsa, özü getsə də dalğası siyasəti onillərlə qarışdırar.
İqtidar hər hansı qruplaşmanın ayaqlanması ilə sinidə ona bağışlanacaq nəsnə deyil. Bu gün CHP qərargahında olanları təəssüf hissi ilə izləyərək düşündüm bunları. AK Partinin yöntəmi ağır, siyasi davranışı basqıçı qiymətləndirilə bilər. Amma CHP-nin durumu da ortadadır. 2023-cü il 28 may seçkisindən sonra Ərdoğan da, Bahçeli də o qərargaha gedib Özərin əlini sıxdılar. 3 ilə CHP siyasi məsuliyyətsizliyin hansı mərtəbəsinə endi ki, gözünə bibər qazı sıxıldı?
Ölkəni idarə etməyə qərarlı partiyanın hanı böhran masası?
Ən konkret təklifi səhər saatlarında gərginlik başlayarkən Mansur Yavaş səsləndirdi. Məhkəmə qərarı qüvvədə qalsın, biz 40 gün içərisində qurultay keçirək, dedi. Saya salmadılar… Kökdə MHP-lidir axı… Özgədir… Saysaydılar, bu gün onun başqanlığında böhran masası qurar, danışıqlar üçün Bahçelinin yanına göndərərdilər. Bəlkə də Bahçeli bir çox məsələlərdə olduğu kimi Ərdoğanı inandırar, məsələ bibər qazına əl atılmadan çözülərdi. Siyasət təkcə savaş yox, yeri gələndə uzlaşmaq, anlaşmaq deyilmi?
Türkiyənin iç işlərinə qarışmaq olmasın, həyatında öz məhəlləsində belə seçki qazana bilməyən Özərin genəl başqan seçilməsi bu anlaşmanın sonucu deyildimi? Özgür bəy bunu unutduğu üçün olmasın bu işlər?
Qlobal və regional proseslərin sürətli dönəmində hakimiyyət qovğasına girişmək, ölkəni qarışdırmaq CHP-ni ən azı ikiyə böləcək. Erkən seçki böyük ehtimalla 2027-nin yazında olacaq. Güc hesablamasında yanlışlığa yol verən müxalifət çay gəlməmiş çırmandığı üçün seçkiyə zəif halıyla gedəcək, koalisiyalar qurması çətinləşəcək. Meydan Cümhur İttifaqına qalacaq. O Cümhur İttifaqına ki, siyasətdə zamanı doğru dəyərləndirmək ustasıdır.
Baxın olay nə zaman partladı – Ankara da, İstanbul da boşdur, insanların çoxu tətildədir. 9 günlük Qurban Bayramı tətilinin bitməsinə 7 gün var. 7 günə Cümhur İttifaqı Özgürdən başqa hələ neçə qurban kəsər…
Aygün Muradxanlı, baş redaktor