Xəbər axtarın

Son axtarış nəticələri:

Abbas Lisani və daha 3 fəal İnqilab Məhkəməsinə çağırıldı

22.05.2026 10:22

Abbas Lisani və daha 3 fəal İnqilab Məhkəməsinə çağırıldı
Hazırda Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və siyasi məhbus Abbas Lisani, Yusif Kari, Əli Xeyircu və Behzad Dəşti İnqilab Məhkəməsinə çağırılıblar.

Primeinfo.az Gunaz.tv-yə istinadən xəbər verir ki, bu barədə A.Lisani və Y.Kari ailələri ilə qısa telefon danışığı zamanı bildiriblər.

Onların sözlərinə görə, elektron poçt vasitəsilə göndərilən çağırış məktubunda fəallardan mayın 30-u yerli vaxtla saat 09:30-da Tehran İnqilab Məhkəməsinin 28-ci bölməsində olmaları istənilib. Bunun, barələrində irəli sürülən ittihamları araşdırmaq üçün olduğu qeyd olunub.

Abbas Lisani və Yusif Kari əvvəlcədən planlaşdırılmış bu qanunsuz şouda iştirak etməyəcəklərini və məhkəməyə gəlməyəcəklərini bildiriblər.

Hər iki siyasi məhbus bundan əvvəl də, ədalətsiz məhkəmə proseslərinə etiraz olaraq heç bir dindirmə və məhkəmə iclasında iştirak etməyəcəklərini deyiblər. Bir müddət əvvəl Yusif Karinin 6 milyard tümən girov qarşılığında sərbəst buraxılacağı barədə vəd verilməsinə, fəalın ailəsinin tələb olunan girovu təmin etməsinə baxmayaraq, o, azad edilməyib. İş üzrə müstəntiq fəalın təhlükəsizlik qurumlarının iradəsi əsasında həbsdə saxlanıldığını deyib.

Qeyd edək ki, Abbas Lisani, Əli Xeyircu, Behzad Dəşti və Yusif Kari 2025-ci il noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbus fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.

Bir müddət əvvəl Behzad Dəşti və Əli Xeyircu girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də, Abbas Lisani və Yusif Kari Evin həbsxanasındakı 209 saylı istintaq təcridxanasına, 2025-ci ilin dekabr ayının 31-də isə həbsxananın 7-ci karantin bölməsinə köçürülüblər.

Onlara qarşı “qanunsuz qrupa üzv olmaq”, “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “ictimai asayişi pozmaq” ittihamları irəli sürülüb.

Adıçəkilən fəalların hamısı bundan əvvəl də dinc mədəni və milli fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunublar.

Paylaş: