
Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Elm və Təhsil Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, açılış mərasimində dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, universitet rəhbərliyi və professor-müəllim heyəti, eləcə də Azərbaycan və xarici ölkələrin tanınmış türkoloq alimləri iştirak ediblər.
Konfransın açılışında giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov bildirib ki, Birinci Bakı Türkoloji Qurultayı yalnız dilçilik tarixinin mühüm hadisəsi deyil, bütövlükdə türk dünyasının elmi və mədəni birliyinin formalaşmasında xüsusi rol oynamış tarixi platformadır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi fikir tarixində mühüm mərhələ təşkil etdiyini bildirib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, dövlət başçısının imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam qurultayın tarixi və elmi əhəmiyyətini daha da möhkəmləndirir, türkologiya elminin inkişafına, türk xalqlarının mədəni-mənəvi irsinin qorunması və təbliğinə dövlət səviyyəsində dəstək göstərir, eyni zamanda Qurultayın irsinin müasir elmi mühitdə aktual və əhəmiyyətli olmasını təmin edir. Qloballaşma, informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı, eyni zamanda kütləvi kommunikasiya vasitələrinin təsiri nəticəsində milli dil yeni təzyiq mexanizmləri ilə üz-üzə qaldığını bildirən nazir müavini bu istiqamətdə dilimizin təhlükəsizliyinin qorunması istiqamətində təşəbbüslərin zəruri olduğunu bildirib.
Firudin Qurbanov dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq geniş tədbirlər həyata keçirildiyini qeyd edib və Elm və Təhsil Nazirliyi tərəfindən də Tədbirlər Planı çərçivəsində Qurultayın 100 illik yubileyi münasibətilə simvolik olaraq 100 nəfər tələbənin təqaüdə layiq görülməsinin nəzərdə tutulduğunu bildirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Birinci Türkoloji Qurultayın türk xalqlarının milli özünüdərk prosesində və ortaq mədəni dəyərlərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Beynəlxalq konfransda iştirak edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşdığını vurğulayıb.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova universitetin türk dünyasının ali təhsil və elm müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, bu kimi beynəlxalq elmi platformaların akademik əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Birinci Türkoloji Qurultayın humanitar elmlərin inkişafında, dil və ədəbiyyat sahəsində aparılan tədqiqatların istiqamətləndirilməsində mühüm rol oynadığını qeyd edib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə Azərbaycan dilçiliyinin inkişafında Birinci Türkoloji Qurultayın mühüm rolundan bəhs edib. ADPU-nun Filologiya fakültəsinin dekanı Könül Həsənova Birinci Türkoloji Qurultayın elmi irsinin gənc nəslə çatdırılması, ana dilinə sevginin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs edib.
Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, konfransın növbəti günündə qonaqların ADPU Şamaxı filialına səfəri nəzərdə tutulur.

























