
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik partiyanın növbəti prezident seçkilərindəki namizədi ilə bağlı açıqlama verib.
Primeinfo.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Ömer Çelik bildirib ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Devlet Bahçelinin bununla bağlı səsləndirdiyi fikirlər son dərəcə önəmlidir.
“Partiyamız tərəfindən prezidentliyə namizədimiz növbəti seçkilərdə də hazırkı Prezident Rəcəb Tayyib Ərdoğandır. Onun namizədliyi partiya daxilində tam dəstək qazanıb. Partiyamızın bütün strukturları bu məsələdə qətiyyətli mövqe nümayiş etdirir”, – deyə Çelik vurğulayıb.
AK Parti sözçüsü Devlet Bahçeliyə açıqlamalarına görə təşəkkür edib. O, MHP başqanının bu mövqeyi daha əvvəl də qətiyyətli və nəzakətli şəkildə ifadə etdiyini xatırladıb.

“Terrordan azad Türkiyə” adlı proses
Ömer Çelik çıxışında “Terrordan azad Türkiyə” adlandırılan yeni prosesə də toxunub. O qeyd edib ki, silahlı terrorun tamamilə aradan qaldırılması və terror təşkilatlarının fəaliyyətinə son qoyulması istiqamətində yeni mərhələyə keçilib.
“Silahlı terror həm Türkiyənin, həm də regionun gündəmindən çıxmalıdır. Bu gün etibarilə yeni bir mərhələdəyik. Terror təşkilatının ləğv ediləcəyi və silahlı strukturun sona çatacağı hüquqi çərçivənin formalaşdırılması mərhələsinə gəlinib”, – deyə Çelik bildirib.
Onun sözlərinə görə, bu prosesdə parlamentdə təmsil olunan və olunmayan bütün siyasi qüvvələrin dəstəyi və töhfəsi mühüm əhəmiyyət daşıyır.
Çelik əlavə edib ki, silahların təhvil verilməsi prosesi dövlət qurumları tərəfindən təsdiqlənərək Milli Təhlükəsizlik Şurasının razılığı alındıqdan sonra Prezidentin qərarı ilə yekunlaşdırıla bilər.
“Proses boyunca dövlətin əsas prinsipləri və xalqın milli dəyərləri ilə bağlı həssaslıq ən yüksək səviyyədə qorunacaq”, – deyə o əlavə edib.