
Hər gün internetdə, sosial şəbəkələrdə nəhəng miqyasda foto, video və musiqi paylaşılır. Rəqəmlər olduqca böyükdür: 15 milyarda yaxın şəkil, milyardlarla video və saysız-hesabsız musiqi trekləri gündəlik olaraq rəqəmsal mühitə daxil olur və yenidən yayılır. Bu sürətli inkişaf informasiya axınını görünməmiş dərəcədə asanlaşdırıb. Lakin bununla yanaşı olaraq müəllif hüquqları və əqli mülkiyyətin qorunması sahəsində ciddi çağırışlar da yaranıb. Çünki bir çox hallarda paylaşılan kontentin kimə məxsus olduğu və hansı şərtlərlə istifadə edilə biləcəyi məsələsi arxa planda qalır. Sosial şəbəkələrdə “paylaşmaq” mədəniyyətinin geniş yayılması isə müəllif hüquqlarının pozulmasını daha da artırır.
Azərbaycanda rəqəmsal istifadə və artan risklər
Dünyada olduğu kimi, Azərbaycanda da sosial media istifadəsi sürətlə artır. Milyonlarla istifadəçi hər gün Instagram, YouTube, TikTok və Facebook kimi platformalarda aktivdir. 2025-ci ilin göstəricilərinə əsasən, ölkədə sosial media istifadəçilərinin sayı 6,7 milyonu ötüb. Bu isə o deməkdir ki, istənilən rəqəmsal məzmun çox qısa müddətdə geniş auditoriyaya yayıla bilir. Nəticədə müəllif hüquqlarının pozulması halları da daha geniş miqyas alır.
“İnternetdə olan hər şey sərbəstdir” yanaşması yanlışdır
Əqli mülkiyyətə hörmət rəqəmsal etik davranışın əsas prinsiplərindən biridir. Lakin təəssüf ki, bu prinsipə hər zaman əməl olunmur. Bir çox istifadəçi internetdə açıq şəkildə yerləşdirilən materialları “hamının istifadəsinə açıq” hesab edir. “Google-da tapılıbsa, deməli istifadə etmək olar” düşüncəsi geniş yayılsa da, bu yanaşma həm hüquqi, həm də etik baxımdan düzgün deyil.
Köçürmə mədəniyyəti və müəllif hüquqları pozuntuları
Xüsusilə xəbər portallarında və bloqlarda mənbə göstərilmədən materialların köçürülməsi ciddi problemlər yaradır. “Copypaste jurnalistikası” müəllif hüquqlarının ən çox pozulduğu sahələrdən biridir. Sosial mediada isə foto və dizaynların watermark silinərək paylaşılması geniş yayılıb. Bu isə müəllif əməyinin dəyərsizləşdirilməsi kimi qiymətləndirilir.
Rəqəmsal etik davranış qaydaları İstifadəçilər aşağıdakı prinsiplərə əməl etməlidirlər:
• istifadə olunan materialın mənbəyini göstərmək
• müəllifin adını qeyd etmək
• kommersiya istifadəsi üçün icazə almaq
• müəllif nişanlarını (watermark) silməmək
• yalnız lisenziyalı və açıq istifadəyə icazə verilmiş mənbələrdən istifadə etmək
Bu qaydalar yalnız hüquqi məsuliyyətdən yayınmaq üçün deyil, həm də rəqəmsal etik mədəniyyətin formalaşması üçün vacibdir.
Rəqəmsal mühitdə qoruma mexanizmləri
Günümüzdə müəllif hüquqlarını qorumaq üçün müxtəlif hüquqi və texnoloji sistemlər tətbiq olunur. Onlardan biri Creative Commons lisenziyalarıdır. Bu sistem müəllifə öz əsərinin hansı şərtlərlə istifadə ediləcəyini əvvəlcədən müəyyən etməyə imkan verir. Bu yanaşmanın banilərindən biri olan Lourens Lessiq hesab edir ki, internetdə davranış təkcə qanunlarla deyil, həm də platformaların texnoloji strukturu ilə formalaşır. Onun fikrincə, həddindən artıq sərt müəllif hüquqları bəzən yaradıcılığın qarşısını ala bilər.
Digər mühüm mexanizm isə DMCA (Digital Millennium Copyright Act) sistemidir. Bu sistem platformalarda icazəsiz yayımlanan materialların silinməsi üçün hüquqi imkan yaradır. YouTube, Instagram və TikTok kimi platformalarda “copyright strike” və “content claim” sistemləri məhz bu prinsip üzərində işləyir. Rəqəmsal mühitdə müəllif hüquqları qorunsa da, yeni texnologiyalar yeni problemlər də yaradır. Xüsusilə NFT texnologiyası rəqəmsal mülkiyyət anlayışını dəyişdirib, lakin eyni zamanda icazəsiz istifadə hallarını da artırıb. Musiqi platformalarında icazəsiz remikslər və pirat paylaşımlar, sosial şəbəkələrdə isə musiqinin kütləvi və nəzarətsiz yayılması əsas problemlərdən biri olaraq qalır.
“Kopyalamanı tam dayandırmaq mümkün deyil” yanaşması
Bəzi ekspertlər hesab edirlər ki, internetdə kopyalamanı tam şəkildə dayandırmaq mümkün deyil. Bu fikir internet azadlığı və rəqəmsal hüquqlar üzrə çıxışları ilə tanınan Cory Doctorow tərəfindən də dəstəklənir. O, bu vəziyyəti “suyun yaş olmasını qadağan etmək” kimi metaforik şəkildə izah edir. Rəqəmsal texnologiyalar informasiya paylaşımını asanlaşdırsa da, müəllif hüquqlarının qorunmasını daha mürəkkəb hala gətirib. Bu gün hər bir istifadəçi yalnız texnoloji imkanlardan deyil, həm də rəqəmsal etik prinsiplərdən xəbərdar olmalıdır. Çünki bir şəkli paylaşmaq, bir videonu yükləmək və ya musiqini istifadə etmək bir neçə saniyə çəkir. Lakin həmin əsərin arxasında illərlə zəhmət dayana bilər. Bu səbəbdən hər bir istifadəçi rəqəmsal mühitdə paylaşım etməzdən əvvəl düşünməli, müəllif əməyinə hörmət göstərməli və mümkün olduqda mənbəyə istinad etməlidir.
Fidan Əli
P.S. Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Rəqəmsal məkanda əqli mülkiyyətə hörmət” layihəsi çərçivəsində hazırlanıb. Yazıda əks olunan fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.