Xəbər axtarın

Son axtarış nəticələri:

"Saxta yəhudi" QALMAQALI: "David Seliverstov" deputatla it oynadır - VİDEO

10.08.2026 13:00

"Saxta yəhudi" QALMAQALI: "David Seliverstov" deputatla it oynadır - VİDEO
Özünü “beynəlxalq hüquq müdafiəçisi” kimi təqdim edən, əslində isə əvvəllər müxtəlif cinayət işləri üzrə məhkum olunmuş Kazım Elşən oğlu Abbasovun “David Seliverstov” adı ilə illərlə ictimai fəaliyyət göstərməsi ətrafında yaranan suallar getdikcə artır.

Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu qalmaqalda Milli Məclisin deputatı Anatoliy Rafailovla münasibətləri diqqət çəkir. Ortaya çıxan videolar, televiziya müsahibələri və ictimai çıxışlar “David Seliverstov” adından istifadə edən Kazım Abbasovla deputat arasında əlaqələrin təsadüfi olmadığını göstərən yeni suallar yaradır.

Azərbaycanda rəsmi olaraq mövcud olmayan “David Seliverstov” kimliyini ictimai müstəviyə deputat niyə və hansı məqsədlə çıxarıb?

Musavat.com-un günlərdir davam edən telefon zəngləri və SMS sorğuları cavabsız qalıb. Deputat Anatoliy Rafailov səsləndirilən suallara münasibət bildirməyib. Bu müddətdə isə sosial şəbəkələrdə və müxtəlif platformalarda deputatla Kazım Abbasovun birlikdə görüntüləndiyi yeni videolar yayılıb. Kadrlardan birində onların birlikdə vaxt keçirdikləri, it oynatdıqları, digər görüntüdə isə deputatın xidməti avtomobili ilə Kazım Abbasovun istifadə etdiyi “Cadillac” markalı avtomobilin sayrışan işıqlarla ardıcıl hərəkət etdiyi görünür. Sayrışan işıqlı avtomobil istifadədəsinə bu adama kim icazə verib?

Bütün bunlar bir sıra sualları aktuallaşdırır. Kazım Abbasov “David Seliverstov” adı ilə illərlə necə sərbəst fəaliyyət göstərə bilib? Deputatın adı bu fəaliyyətlərdə hansı formada hallanır? Bu münasibətlər sadəcə ictimai əlaqələrdən ibarətdir, yoxsa daha dərin əməkdaşlıq mövcud olub?

Əsl adı Kazım Elşən oğlu Abbasov olan bu şəxs 2011-ci ildə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək (Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri) ittihamı ilə 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, saxta yolla vəsiqə düzəldərək özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib və insanları müxtəlif vədlərlə aldadıb, eyni zamanda, təzyiq və şantaj əməlləri törədib. Daha sonra Kazım Abbasov haqqında Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi açılıb, məhkəmənin hökmü ilə 2 il müddətində azadlıqdan məhrum edilib, 3500 manat cərimə olunub.

Kazım Abbasov 29 sentyabr 2014-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Bu iş üzrə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri – külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı elan olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Kazım Abbasov azadlığa çıxdıqdan sonra “David Seliverstov” olaraq fırıldaqlarını davam etdirib, bu dəfə “Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti” adlandırdığı təşkilatın adı altında.

Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı mediaya açıqlamalarında bildiriblər ki, Azərbaycanda “David Seliverstov” adında vətəndaş mövcud deyil.

Maraqlıdır ki, Kazım Abbasov bu ad altında necə fəaliyyət göstərib?

Axı onun fırıldaqları gizli şəkildə baş verməyib, əksinə, Kazım Abbasov təşkil etdiyi müxtəlif tədbirlərdə, çıxdığı efirlərdə özünü “David Seliverstov” kimi təqdim edir. 2025-ci ildə MTV-nin “Geriyə baxanda” verilişinə qonaq kimi qatılan Kazım Abbasov – “David Seliverstov” kimi çıxış edir. Bildirir ki, rəhbəri olduğu “Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti” 2021-ci il avqustun 16-da Milli Məclisin deputatı, Azərbaycan–İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Anatoliy Rafailovun təşəbbüsü ilə yaradılıb. İddia edir ki, məqsədləri “yəhudi milli irsinin qorunması”, “insanların hüquqlarının müdafiə edilməsi”dir.

Araşdırmalar təsdiq edir ki, Kazım Abbasov özünü “DTX əməkdaşı” kimi təqdim edərək, şantaj yolu ilə sahibkarlardan pul alır, “David Seliverstov” adı altında “xeyriyyəçi” kimi bu əməllərini leqallaşdırmağa çalışır.

Burada diqqətçəkən birdən çox məqam geniş müzakirə mövzusuna çevrilib. Birincisi, deputat Anatoliy Rafailovun “David Seliverstov”la əlaqələridir. Kazım Abbasov təsdiq edir ki, “Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti” Anatoliy Rafailovun təşəbbüsü ilə yaradılıb. Bildirir ki, Quba-Qusar bölgəsində müxtəlif tədbirlər keçirir, “yəhudi irsinin qorunması” istiqamətində işləyirlər. Görünür, bu şəxs fırıldaqçılığını ört-basdır etmək, eləcə də müxtəlif qurumların vəsiqələrindən saxta yolla istifadə edərək, sahibkarlara təzyiq göstərmək fəaliyyətində deputat Anatoliy Rafailovun adından istifadə edib.

Maraqlıdır ki, Anatoliy Rafailov onun qanunsuz əməllərindən xəbəri varmı, deputatın özü də bu fırıldaqlarda yer alıbmı? Anatoliy Rafailov bu suallara cavab verməkdən imtina edir. İkincisi, MTV bu fırıldaqçını niyə efirinə çıxarıb, telekanal “David Seliverstov”un fırıldaqları haqqında məlumatlıdırmı?

“Geriyə baxanda” verilişi adətən ziyalıların, ictimai-siyasi çəkisi olan şəxslərin qatıldığı verilişdir və proqrama dəvət olunanlar geriyə baxaraq, keçdikləri yoldan bəhs edir, tamaşaçıları maarifləndirəcək fikirlər səsləndirirlər. “David Seliverstov”un keçmişinə baxanda yalnız fırıldaqçılıq görünür, bu günü də dələduzluqdan ibarətdir. Belə bir şəxs tamaşaçılara yalnız yalan və uydurma iddialar təqdim edə bilər. Əslində efirə çıxması onun öz fırıldaqlarını leqallaşdırmaq baxımından sərfəlidir. Bəs MTV bundan nə qazanıb? Cavabsız qalan suallardan biri də budur.

“David Seliverstov” – Kazım Abbasovun əməlləri israilli beynəlxalq dələduz Şimon Hayutun (Saymon Levayev) fırıldaqlarını xatırladır. 2022-ci ildə “Netflix” platforması Şimon Hayut haqqında “Tinder fırıldaqçısı” (The Tinder Swindler) adlı film istehsal etdi. Real hadisələrə əsaslanan filmdə də göstərilir ki, Şimon Hayut özünü milyonçu kimi təqdim edərək, tanış olduğu qadınları aldadıb, milyonlarla dollar vəsait əldə edib.

Demokrat.az saytı yazır ki, “David Seliverstov”la Şimon Hayut arasındakı yeganə fərq ikincinin həqiqətən israilli olması, birincinin isə özünü yəhudi kimi təqdim etməsidir. Fırıldaqçılıq əməllərinin miqyası demək olar ki, eynidir. “David Seliverstov” da Şimon Hayut kimi öz fırıldaq əməllərində qadınlardan istifadə edib.

Onun rəhbərlik etdiyi “Magen David Azərbaycan”ın tərkibində “Magen David International Center for Women” adlı təşkilat da var. Direktoru Aygün Əhmədovadır. Aygün Əhmədova, həmçinin “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin idarə heyətinin sədri Aygün Ağamalı, idarə heyətinin üzvləri – icraçı direktor Sevinc Həsənova və hüquq departamentinin rəhbəri Nəzakət Mahmudova 13-16 dekabr 2023-cü il tarixlərində Tiflisə səfər ediblər. Səfər iştirakçıları “Magen David Group”un nümayəndələri kimi təqdim edilir. Bildirilir ki, səfərin məqsədi Gürcüstanda yəhudi icmasının nümayəndələri ilə görüşmək olub.

Göründüyü kimi, alfons olduğu deyilən “David Seliverstov” öz fırıldaqlarına qadınları da alət edib. Məlumatlara görə, “David Seliverstov” “Magen David International Center for Women” adlı təşkilatın rəhbəri Aygün Əhmədova ilə şəxsi münasibətlərə də malikdir. Qadınların fırıldaq əməllərində istifadə edilməsi də A.Əhmədova tərəfindən təşkil edilir.

“Magen David International Center for Women” adlı təşkilatın Azərbaycanda dövlət qeydiyyatında olması haqqında da məlumat yoxdur. A.Əhmədovanın hansı xətlə belə bir təşkilatın rəhbəri olması da sual doğuran məqamlardandır.

Son məlumatlara görə, “David Seliverstov” – Kazım Abbasov mediada fırıldaq əməlləri ifşa olunan kimi ölkədən qaçıb. Tiflisə getdiyi deyilən “David Seliverstov” hətta qaçarkən də fırıldaqlarını davam etdirir. Belə ki, o, guya İsrailə iş məqsədilə getdiyini və məqsədinin Azərbaycana investisiya cəlb etmək olduğunu iddia edir.

Azərbaycanda isə hüquq-mühafizə orqanları və hüquq müdafiəçiləri onun haqqında müraciət yayıb. Müraciətdə bildirilir ki, “David Seliverstov” – Kazım Abbasovun əməllərindən zərərçəkən vətəndaşlar və bu şəxsdən hər hansı formada təzyiq və ya təhdid görənlər çəkinmədən müvafiq qurumlara müraciət etsinlər.

Paylaş: