
Bakıda “Sea Breeze” ərazisində ilk çoxzallı “CineMastercard” kinoteatrı açılacaq. Yeni kinoteatr filmlərin nümayişi üçün müasir texnologiyalarla təchiz olunacaq.
Primeinfo.az xəbər verir ki, bununla bağlı “Venetian Harbour” kompleksində şəhər-kurort “Sea Breeze” və “CineMastercard” kinoteatrlar şəbəkəsi arasında müqavilə bağlanılıb.
Sazişi “Sea Breeze” şirkətinin kommersiya icarəsi üzrə direktoru Elbəy Rzayev və “CineMastercard” kinoteatrlar şəbəkəsinin Baş direktoru Zaur Darabzadə imzalayıblar.
Kinoteatr Halfmoon yarımadasının yaxınlığında inşa edilən “Venetian Harbour” ticarət və ictimai kompleksinin sahilyanı davamı olan “Marina Venetian Harbour”un bir hissəsi olacaq. Layihə beynəlxalq brendlərin butikləri, restoranlar və istirahət məkanlarının yerləşəcəyi dənizkənarı mini-şəhər konsepsiyası əsasında hazırlanıb. Kompleksdə küçələr, xiyabanlar, meydanlar, daxili həyətlər və terraslardan ibarət iki səviyyəli piyada infrastrukturu nəzərdə tutulub.
Ümumi icarəyə verilə bilən sahəsi 24 430 kv. metr olan “Venetian Harbour” memar Sergey Çobanın layihəsi əsasında inşa edilir. Kompleksin əsas memarlıq elementlərindən biri mayak qülləsi olacaq. Qüllənin ətrafında restoranların və yaşıllıq zonalarının yerləşəcəyi açıq meydanlar salınacaq.
“CineMastercard” Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biridir və Bakı ilə yanaşı, ölkənin digər şəhərlərində fəaliyyət göstərən 11 kinoteatrı birləşdirir. Müasir texnoloji avadanlıqlar tamaşaçılara filmləri dünya premyeraları ilə eyni vaxtda izləməyə imkan verir. Bundan əlavə, yalnız CineMastercard kinoteatrlarında unikal Skybox zalları, xüsusi qonaqlar üçün iki VIP DIAMOND zalı, həmçinin ən yeni 4DX və ScreenX texnologiyaları təqdim olunur.































