
DOST Agentliyində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Muxammetseyit Sılapov arasında görüş keçirilib.
Bu barədə Primeinfo.az-a DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, ölkəmizdə səfərdə olan Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Muxammetseyit Sılapov 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. Onun üçün DOST Konsepsiyasına və sosial sahədə rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.
DOST Agentliyində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Muxammetseyit Sılapovun görüşü olub.
Anar Əliyev bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadilə edilən sənədlərdən biri də Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumudur. Bu sənəd iki nazirlik arasında müntəzəm dialoq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün hüquqi baza yaratmaqla, əməkdaşlığı daha da genişləndirəcək.
Sosial sığorta sistemlərinin modernləşdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması və peşəkar təlim və yenidən hazırlıq proqramlarının hazırlanması sahəsində təcrübə mübadiləsi üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb. Həmçinin əməyin mühafizəsi, sosial xidmətlər, məşğulluq proqramının hazırlanması, pensiya sisteminin inkişafı və həssas qruplara dəstək sahəsində əməkdaşlıq imkanlarını araşdırmağın məqsədəuyğun ola biləcəyi qeyd edilib. İmzalanan yeni əməkdaşlıq sənədinin bu istiqamətlərdə önəmli irəliləyişə şərait yaratdığı bildirilib.
Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin də artıq hazırlandığı qeyd edilib.
Muxammetseyit Sılapov ikitərəfli əməkdaşlığın inkişafı üçün qarşıdakı dövrdə də mühüm addımların atılacağını, sosial islahatlar prosesində ardıcıl təcrübə mübadilələrinin aparılmasının qarşılıqlı faydalı olduğunu bildirib.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılan Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin inkişaf etdirilməsində rolundan bəhs olunub. İki nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.









