Xəbər axtarın

Son axtarış nəticələri:

Vergi Məcəlləsi dəlmə-deşikdir - Natiq Cəfərli

06.08.2026 13:22

Vergi Məcəlləsi dəlmə-deşikdir - Natiq Cəfərli

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli geniş müsahibə verib. Əvvəla, belə detallı müsahibəyə razılıq verməsi, geniş danışması yaxşıdır, ümumiyyətlə, icarə qurumlarının nümayəndələri tez-tez açıqlama, müsahibə verməsi müsbət haldır. Amma, gələk əsas məsələyə, yəni məzmuna, Orxan müəllimin tezislərinə – bir az uzun olacaq, üzrlü sayın…

Sitat: “Hər bir vətəndaş öz iqtisadi fəaliyyəti və imkanları çərçivəsində bu büdcənin formalaşmasına töhfə verir. Toplanan vəsait isə yenidən cəmiyyətin ehtiyaclarına – səhiyyəyə, təhsilə, infrastruktur layihələrinə, təhlükəsizliyə, müdafiəyə və digər mühüm istiqamətlərə yönəldilir. Eyni zamanda, vergiyə yalnız ödənilən məbləğ və ya əlavə xərc kimi yanaşmaq düzgün deyil. Vergi ödəmək Konstitusiyaya uyğun olaraq hər bir vətəndaşın vəzifəsi və öhdəliyidir. Hesab edirəm ki, insanlar vergi ödəməklə təkcə dövlət qarşısındakı öhdəliklərini yerinə yetirmirlər, həm də yaşadıqları ölkənin inkişafına öz töhfələrini vermiş olurlar. Bu münasibətlər qarşılıqlıdır”.

Cavab: Hörmətli Orxan müəllim, tezis olaraq doğru yanaşmanız var, amma ciddi bir boşluq yaranır, bu haqda heç nə demirsiniz. Vergini tək məsuliyyət kimi görürsünüz, məsuliyyət isə səlahiyyətsiz olmur. Vergi tarixən seçkiyə bağlıdır, yəni, vətəndaşin məsuliyyəti vergi ödəməkdirsə, səlahiyyəti vergilərin necə xərclənməsinə nəzarət etməkdir. Bizdə bu yol təktərəflidir – məsuliyyət var, səlahiyyət isə yoxdur, və ya, çox azdır.

Sitat: “Vergi daxilolmalarının artımından danışarkən də qeyd etdim ki, bu artım və Vergi Məcəlləsində həyata keçirilən dəyişikliklər vergi dərəcələrinin yüksəldilməsi hesabına baş vermir. Dəyişikliklərin içərisində vergi dərəcələrinin artırılması ilə bağlı hallara nəzər yetirsək, əsasən yalnız aksiz vergiləri ilə bağlı dəyişiklikləri görə bilərik. (son zamanlar) Bznes çevrələri ilə görüşlər nəticəsində 500-ə yaxın təklif formalaşıb. Onlardan 180-i məqsədəuyğun hesab edilib. Bu o deməkdir ki, müzakirələr nəticəsində həmin təkliflərin reallaşdırılması ilə bağlı müəyyən qənaətə gəlinib. Məqsədəuyğun hesab edilən təkliflərin təxminən yarısı artıq qanunvericilikdə öz əksini tapıb, digər hissəsi üzrə isə təhlillər və müvafiq işlər davam etdirilir”.

Cavab: Orxan müəllim, vergi artımı tək aksizlərlə bağlı deyil, özəl sektorda əmək haqqı gəlirlərinə 3%, gələn il 5%, növbəti il üçün isə 7% vergi tədbiq olunur-olunacaq. Bunlar vergi yükünün artması deyilmi?! Bundan başqa, ƏDV də dolayı vergidir, vətəndaş ödəyir, maaşdan icbari ödənişlər var (DSMF, tibbi sığorta, işsizlik və s.) – bunlar da vergi növüdür.

Gələk indi Vergi Məcəlləsinə edilən dəyişiklilərə – son 6-7 ildə 2000-ə yaxın dəyişiklik edilib, indi də 180 dəyişiklik ediləcək, başqa təkliflər də yoldadır. Hörmətli Orxan müəllim, Məcəlləni bu qədər “dəlmə-deşik” etməkdənsə, yeni, sıfırdan, biznes dostu Məcəllənin qəbulunu niyə istəmirsiniz, təklif etmirsiniz?! İndiki Məcəllə “rəqəmsal iqtisadiyyat” dövründən öncə qəbul edilib, ruhu köhnədir, qəlizdir, təzadlıdır. Sadə dildə, bir neçə səhifəlik yeni Vergi Məcəlləsi qəbul, sahələr üzrə ancaq dövriyyədən vergi prinsipi tədbiq edilmılidir, ƏDV faizi çevik olmalıdır, “daşlaşmış” 18% prinsipindən əl çəkmək lazımdır.

Natiq Cəfərli, REAL partiyasının sədri, iqtisadçı

Paylaş: