
“Bakı Metropoliteni 2030-cu ilədək bənövşəyi xətt üzrə 290 yeni vaqon almağı planlaşdırır”.
Primeinfo.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur. “Bənövşəyi” xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 290 vaqonun alınması nəzərdə tutulub:
“Amma yeni hərəkət tərkiblərinin alınması yalnız bənövşəyi xətlə məhdudlaşmayacaq. “Qırmızı” və “yaşıl” xətlərdə qatarlararası intervalın azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə tutulur. Qırmızı xətdə “İçərişəhər” stansiyasında dalan yolunun tikintisi intervalın azaldılmasına imkan verəcək”.
Namiq Yusubov əlavə edib ki, “Yaşıl” xətdə gələcək “Y-14” və “Y-15” stansiyalarının tikintisi və dönmə kamerasının yaradılmasından sonra qatarların daha sıx intervalla hərəkətinin təşkili mümkün olacaq.