
Dövlətlər arasında münasibətlər heç də həmişə eyni xətt üzrə inkişaf etmir. Bu gün yaxın tərəfdaş olan dövlətlər sabah müəyyən məsələlərdə ciddi fikir ayrılığı yaşaya, hətta siyasi qarşıdurma ilə üzləşə bilərlər. Lakin bu, onların bir-biri ilə danışmaq, ortaq maraqları qorumaq və münasibətləri yenidən normal məcraya qaytarmaq imkanlarının tükəndiyi anlamına gəlmir.
Əksinə, diplomatiyanın əsl gücü məhz fikir ayrılıqlarının olduğu məqamda özünü göstərir. Məsələ bütün problemlərin bir anda həll edilməsi deyil; əsas məsələ fərqli mövqelərə baxmayaraq dialoq qapılarını açıq saxlamaq, qarşılıqlı maraqları qorumaq və gələcək əməkdaşlıq üçün imkanları itirməməkdir.
Türkiyə–İsrail münasibətlərinə də bu prizmadan yanaşmaq olar. İki ölkə arasında bu gün ciddi siyasi fikir ayrılıqları mövcuddur. Lakin bu münasibətlərin tarixində yalnız qarşıdurma deyil, uzun illər davam etmiş əməkdaşlıq və qarşılıqlı maraqlar da var. Deməli, bugünkü gərginlik münasibətlərin gələcəyini əvvəlcədən müəyyən edən dəyişməz reallıq kimi qəbul edilməməlidir. Məhz bu məqamda Azərbaycanın mövqeyi və mümkün diplomatik rolu xüsusi əhəmiyyət qazana bilər.
Türkiyə–İsrail münasibətlərinin bugünkü vəziyyətini Türkiyənin İsrailə münasibətinin bütün tarixi ilə eyniləşdirmək düzgün olmaz. Türkiyə İsraili 1949-cu ildə tanıyan ilk müsəlman çoxluqlu ölkə olub və iki ölkə arasında uzun illər ərzində diplomatik, iqtisadi, təhlükəsizlik və digər sahələrdə münasibətlər mövcud olub. Müxtəlif dövrlərdə bu münasibətlər kifayət qədər geniş əməkdaşlıq səviyyəsinə qədər yüksəlib. Sonrakı illərdə ciddi böhranlar yaşansa da, tərəflər bir neçə dəfə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atıblar. 2016-cı ildə münasibətlərin bərpası ilə bağlı razılaşma və 2022-ci ildə diplomatik münasibətlərin yenidən tam səviyyəyə çatdırılması bunun mümkün olduğunu göstərən mühüm nümunələrdir. Ona görə də bugünkü gərginliyi Türkiyə–İsrail münasibətlərinin dəyişməz və tarixi xarakteri kimi qəbul etmək doğru olmazdı. Əlbəttə, bu gərginliyin yaranmasında Qəzza və Fələstin məsələsi, Mavi Mərmərə hadisəsi, regional təhlükəsizlik problemləri, Suriya və digər geosiyasi məsələlər mühüm rol oynayıb. Lakin bununla yanaşı, xüsusilə son dövrlərdə həm İsrail, həm də Türkiyədə siyasi liderliklər ətrafında formalaşan sərt siyasi mövqelərin və qarşılıqlı ritorikanın münasibətləri müəyyən mənada şəxsiləşdirdiyini də nəzərə almaq lazımdır.
Xüsusilə “Likud” və AK partiyası hakimiyyətləri dövründə qarşılıqlı siyasi ritorikanın zaman-zaman sərtləşməsi, liderlərə yaxın siyasi çevrələrin də bu qarşıdurmanı daha kəskin ifadələrlə müşayiət etməsi iki dövlət arasında mövcud problemlərin siyasi rəqabətdən daha artıq, müəyyən mənada şəxsiləşmiş qarşıdurma görüntüsü yaratmasına səbəb olub. Lakin liderlər arasında və onların siyasi çevrələri ətrafında yaranan qarşılıqlı sərtlik Türkiyə–İsrail münasibətlərinin əbədi taleyi kimi qəbul edilməməlidir. Məhz buna görə gələcək nəsillər üçün daha sağlam yanaşma mövcud siyasi qarşıdurmanı dondurmaq deyil, onu idarə etməyin və zamanla aradan qaldırmağın yollarını axtarmaqdır.
Burada Türkiyənin regional siyasətini digər dövlətlərin siyasəti ilə eyniləşdirməmək də mühüm əhəmiyyət daşıyır. İranın regional siyasəti ilə Türkiyənin xarici siyasətini eyni siyasi xəttin müxtəlif formaları kimi təqdim etmək düzgün deyil. Türkiyə ilə İran arasında müəyyən əməkdaşlıq sahələri mövcud olsa da, onların dövlət maraqları, regional baxışları və xarici siyasət prioritetləri arasında ciddi fərqlər vardır. Eyni şəkildə, Rusiyanın işğal və güc siyasəti ilə Türkiyənin bölgədə və dünyada həyata keçirdiyi siyasəti də eyni siyasi kateqoriyaya daxil etmək doğru olmaz. Bu yanaşma Türkiyəni hər hansı tənqiddən kənarda saxlamaq məqsədi daşımır. Əksinə, sağlam siyasi təhlilin əsas şərtlərindən biri dövlətlərin davranışlarını konkret kontekstdə qiymətləndirmək və onları avtomatik şəkildə bir-birinin siyasəti ilə eyniləşdirməməkdir
Azərbaycanın bu məsələdə xüsusi mövqeyi var. Bir tərəfdən, Türkiyə Azərbaycan üçün yalnız strateji tərəfdaş deyil, tarixi, siyasi və mənəvi bağlarla bağlı olduğumuz qardaş dövlətdir. Digər tərəfdən, Azərbaycan–İsrail münasibətləri də uzun illər ərzində qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu iki reallıq bir-birinə zidd deyil. Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətləri və İsraillə strateji tərəfdaşlığı ölkəmizin diplomatik imkanlarını məhdudlaşdırmır, əksinə, genişləndirir. Bu məqamda Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətində həm Türkiyə, həm də İsrail ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti xüsusi qeyd etmək lazımdır. Azərbaycanın xarici siyasət xətti göstərir ki, Ankara ilə qardaşlıq və müttəfiqlik münasibətləri ilə Bakı–İsrail strateji tərəfdaşlığı bir-birinə alternativ kimi nəzərdən keçirilmir. Əksinə, hər iki istiqamət Azərbaycanın milli maraqlarına, regional təhlükəsizliyə və ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edən ayrı-ayrı, lakin bir-birini tamamlayan istiqamətlərdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və çoxşaxəli xarici siyasətin mühüm xüsusiyyətlərindən biri də dövlətlərarası münasibətlərdə emosional yanaşmalardan daha çox milli maraqlara, qarşılıqlı hörmətə və uzunmüddətli strateji hesablamalara üstünlük verilməsidir. Məhz bu baxımdan Azərbaycan Türkiyə–İsrail münasibətlərində yaranmış fikir ayrılıqlarına tərəflərdən birinin mövqeyini digərinə qarşı qoymaq prizmasından deyil, regional sabitlik və gələcək əməkdaşlıq perspektivi baxımından yanaşa bilər.
Azərbaycan özünü Türkiyə ilə İsrail arasında “hakim” və ya tərəflərdən birinin mövqeyini digərinə qəbul etdirməyə çalışan klassik vasitəçi kimi təqdim etməməlidir. Belə yanaşma həm diplomatik baxımdan riskli, həm də real nəticə əldə etmək baxımından səmərəsiz ola bilər. Daha məqsədəuyğun yanaşma dialoqun bərpasına və davamlı saxlanılmasına şərait yaratmaqdır.
Azərbaycan əvvəlcə Ankara və Qüdsdə tərəflərin narahatlıqlarını, prioritetlərini və qarşılıqlı gözləntilərini dinləyə bilər. Daha sonra qarşılıqlı maraqların üst-üstə düşdüyü sahələr müəyyənləşdirilərək dialoqun bərpası üçün uyğun formatların yaradılmasına töhfə verə bilər. Bu prosesin ilkin mərhələdə qeyri-formal olması da daha məqsədəuyğun görünür. Çünki diplomatiyada bəzən rəsmi danışıqlardan əvvəl qeyri-formal təmaslar daha geniş manevr imkanları yaradır.
Enerji, iqtisadi əməkdaşlıq, regional nəqliyyat, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və humanitar məsələlər belə dialoqun başlanğıc istiqamətləri ola bilər.
Ən mürəkkəb siyasi məsələlərin dərhal həllini gözləmək əvəzinə, tərəflərin qarşılıqlı maraqlarının olduğu sahələrdə əməkdaşlığın bərpası etimad mühitinin formalaşmasına xidmət edə bilər. Əlbəttə, Türkiyə–İsrail münasibətlərində Fələstin məsələsi, Qəzza, Suriya və digər regional problemlərlə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Azərbaycan bu məsələlər üzrə tərəflərdən hər hansı birinin mövqeyini dəyişdirməyə çalışan aktor olmaq niyyətində olmamalıdır.
Azərbaycanın mümkün rolu daha məhdud, lakin eyni zamanda daha real ola bilər. Fikir ayrılıqlarının dialoq imkanlarını tamamilə aradan qaldırmasına imkan verməmək. Çünki siyasi mövqelərin fərqli olması ilə dialoqun mümkünsüzlüyünü eyniləşdirmək düzgün deyil. Azərbaycanın öz milli maraqları baxımından da Türkiyə–İsrail münasibətlərində davamlı qarşıdurmanın dərinləşməsi arzuolunan nəticə sayıla bilməz. Azərbaycan üçün Türkiyənin təhlükəsizliyi, İsraillə strateji əməkdaşlığın davamlılığı, regionda sabitliyin qorunması və yeni qarşıdurma xətlərinin yaranmaması bir-birinə zidd deyil. Əksinə, bunların uzlaşdırılması Azərbaycanın praqmatik və çoxvektorlu xarici siyasətinə tamamilə uyğun ola bilər. Bu səbəbdən Azərbaycan “Türkiyə, yoxsa İsrail?” kimi seçim qarşısında qalmalı deyil.
Azərbaycanın qarşısında daha konstruktiv bir sual dayanır. Türkiyə və İsrail arasında mövcud fikir ayrılıqlarının uzunmüddətli və idarəolunmaz qarşıdurmaya çevrilməsinin qarşısını almaq üçün Azərbaycan nə edə bilər?
Bəlkə də cavab tərəflərdən birini digərinə yaxınlaşdırmaqda deyil, onların bir-birindən tam uzaqlaşmasının qarşısını almaqda, dialoq üçün etibarlı məkan yaratmaqda və ortaq maraqları yenidən görünən etməkdədir. Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətləri onun İsraillə strateji tərəfdaşlığına, İsraillə münasibətləri isə Türkiyə ilə qardaşlıq əlaqələrinə alternativ deyil. Əksinə, bu iki istiqamətin hər ikisi Azərbaycanın diplomatik imkanlarını genişləndirən amillərdir.
Əgər Azərbaycan həm Türkiyə, həm də İsraillə etimad və qarşılıqlı hörmətə əsaslanan münasibətlərini qoruyursa, bu, gələcəkdə iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə verə biləcək mühüm diplomatik üstünlükdür. Burada Azərbaycanın məqsədi kiməsə siyasi dərs vermək deyil. Məqsəd özünün qazandığı etimaddan regionda sülh, sabitlik və əməkdaşlıq naminə istifadə etmək ola bilər.
Keçmişdəki siyasi gərginlikləri inkar etmək yox, onları gələcəyin dəyişməz reallığına çevirməmək lazımdır.Türkiyə ilə İsrail arasında fikir ayrılıqları ola bilər və olacaq. Lakin fikir ayrılığı düşmənçilik, siyasi rəqabət isə daimi qarşıdurma demək deyil. Bəzən diplomatiyada ən böyük nəticə tərəfləri dərhal razılaşdırmaq deyil, onların bir-biri ilə danışmağa davam etməsini təmin etməkdir. Azərbaycanın mümkün rolu da məhz burada başlayır: tərəf seçməkdə deyil, tərəflərin yenidən bir-birini eşidə biləcəyi imkanları bərpa etməkdir.
Bu, həm regional sabitliyə, həm Azərbaycanın milli maraqlarına, həm də gələcək nəsillər üçün daha təhlükəsiz və əməkdaşlığa açıq bir Yaxın Şərqin formalaşmasına verilə biləcək dəyərli töhfə ola bilər.
Səftər Rəhimli, hüquq elmləri doktoru