
Balıq ovunda qadağan olunmuş ov alətlərinin siyahısı müəyyənləşdiriləcək.
Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Balıqçılıq haqqında” qanunda əksini tapıb.
Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi:
altı ay müddətində aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
– balıq və digər su bioresurslarının dayanıqlı ovunun təmini məqsədilə balıqçılıq subyektləri tərəfindən istifadə edilən balıqçılıq infrastrukturu, balıq ovu alətləri və balıqçı gəmiləri ilə bağlı texniki tələbləri;
– balıq ovunda qadağan olunmuş ov alətlərinin siyahısını;
– Biotexnoloji Layihə Sənədinin nümunəvi formasını;
– ölkə ərazisinə idxal edilən və ölkə ərazisindən ixrac edilən törədici balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin damazlıq xüsusiyyətlərini;
– balıq ovu ilə məşğul olmaq üçün istifadə olunan balıqçı gəmilərinin və balıqovu alətlərinin qeydiyyatı qaydasını, habelə balıqçı gəmilərində quraşdırılan texniki nəzarət vasitələrinin siyahısını və onlara dair tələbləri;
– balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması qaydasını;
– balıqartırma, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi qaydasını və texniki normativ hüquqi aktları;
– balıqçılıq su obyektlərinin meliorasiyasının həyata keçirilməsi qaydasını.