
8 Noyabr – Zəfər Günü münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportu və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə şəhid övladları üçün xüsusi tədbir keçirilib.
Aeroportdan Primeinfo.az-a bildirilib ki, tədbir çərçivəsində aeroportun Terminal 1-də yerləşən əyləncə zonasında 16 şəhid övladı bir araya gəlib.
Uşaqlar üçün müxtəlif oyunlar, yarışlar və əyləncəli fəaliyyətləri əhatə edən proqram təşkil olunub. Onlar animatorların keçirdiyi oyunlarda iştirak edib, sehrbazın şousunu izləyib, həmçinin stolüstü oyunlarla vaxt keçiriblər.
Tədbirin əsas məqsədi şəhid övladlarına xoş anlar yaşatmaq, onların asudə vaxtını maraqlı təşkil etmək, eləcə də Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın ailələrinə diqqət və qayğını nümayiş etdirmək olub.
Bu təşəbbüs şəhidlərimizin əziz xatirəsinə ehtiramın, onların övladlarına göstərilən mənəvi dəstək və qayğının növbəti ifadəsidir.
