Xəbər axtarın

Son axtarış nəticələri:

Tokayevin Rusiya təklifi fonunda türk dövlətləri təşkilatının gələcəyi: Birliyi gücləndirən addım və ya strateji risk?

05.11.2026 15:25

Tokayevin Rusiya təklifi fonunda türk dövlətləri təşkilatının gələcəyi: Birliyi gücləndirən addım və ya strateji risk?
Türk dünyasının geosiyasi mövqeyi, institusional inkişafı və qlobal güc mərkəzinə çevrilməsi perspektivləri haqqında

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 30 oktyabr 2026-cı ildə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının XIII Zirvə görüşündə Rusiyanın təşkilatın fəaliyyətinə cəlb edilməsi ilə bağlı irəli sürdüyü təklif mühüm siyasi müzakirəyə səbəb olub. Tokayev Rusiyanın OTS+ formatına dəvət edilməsini və ya təşkilatda müşahidəçi statusu almasını təklif edib. O, mövqeyini Rusiyanın türk dünyası ilə tarixi əlaqələri və ölkə ərazisində yaşayan çoxsaylı türk xalqlarının mövcudluğu ilə əsaslandırıb.

İlk baxışdan bu təklif müəyyən tarixi və mədəni məntiqə söykənir. Rusiyada tatarlar, başqırdlar, çuvaşlar, saxalar (yakutlar), tuvalılar, xakaslar və digər türk xalqları yaşayır. Onların tarixi, dili və mədəniyyəti türk sivilizasiya məkanının mühüm hissəsidir.

Lakin burada məsələnin mahiyyətini müəyyən edən prinsipial sual meydana çıxır: Rusiyada türk xalqlarının yaşaması Rusiya Federasiyasının bütövlükdə Türk Dövlətləri Təşkilatında təmsil olunması üçün kifayət qədər əsasdırmı? Daha vacibi, belə bir iştirak təşkilatın strateji müstəqilliyini və institusional gücünü artıracaqmı?

Tokayevin şəxsi niyyətini yalnız bir çıxış əsasında qiymətləndirmək düzgün olmazdı. Qazaxıstanın Rusiya ilə coğrafi, iqtisadi və təhlükəsizlik əlaqələri onun xarici siyasətində Moskva ilə münasibətlərin xüsusi yer tutmasını şərtləndirir. Bu baxımdan, Tokayevin təşəbbüsünü Astananın regional və beynəlxalq münasibətlər sistemindəki maraqları kontekstində də təhlil etmək lazımdır.

Bununla belə, dövlət başçısının niyyətindən asılı olmayaraq, hər bir təşəbbüs ilk növbədə Türk Dövlətləri Təşkilatının nizamnamə prinsipləri, strateji məqsədləri və üzv dövlətlərin ortaq maraqları baxımından qiymətləndirilməlidir.

Türk Dövlətləri Təşkilatının kimliyi və genişlənmə məsələsi

Türk Dövlətləri Təşkilatı sadəcə ortaq dilə və tarixi köklərə malik ölkələrin əməkdaşlıq platforması deyil. O, türk dövlətlərinin siyasi iradəsini, iqtisadi potensialını və beynəlxalq mövqeyini birləşdirmək məqsədi daşıyan institusional mexanizmdir.

Hazırda təşkilatın beş tamhüquqlu üzvü Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan mövcuddur. Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası müşahidəçi statusunda iştirak edirlər.

Deməli, təşkilatın fəaliyyətində müxtəlif iştirak mexanizmləri artıq mövcuddur. Bu mexanizmlərin imkanlarını genişləndirmək, yeni tərəfdaşlıq formatları yaratmaq mümkündür.

Məncə, burada əsas prinsip təşkilatın mahiyyətinin qorunmasıdır. Türk Dövlətləri Təşkilatının strateji kimliyi türk dövlətlərinin ortaq siyasi və mədəni iradəsinə əsaslanır. Bu xüsusiyyət onun digər beynəlxalq və regional təşkilatlardan fərqini müəyyən edir.

Rusiyanın Türk xalqlarının yaşadığı dövlət olması faktı ilə Rusiyanın həmin xalqların maraqlarını təmsil etməsi məsələsi eyniləşdirilməməlidir. Tatarların, başqırdların və digər türk xalqlarının təşkilatda təmsilçiliyinə ehtiyac varsa, bunun üçün ayrıca institusional mexanizmlər yaratmaq daha məqsədəuyğundur.

Bu xalqların dilinin, təhsilinin, mədəniyyətinin və milli kimliyinin qorunması onların yaşadıqları dövlətin siyasi statusundan asılı olmayaraq diqqətdə saxlanılmalıdır.

Rusiya, Ukrayna, Çin və İran məsələsinə vahid prinsipdən yanaşmaq

Tokayevin təklifinin doğurduğu əsas suallardan biri təşkilatın digər ölkələrə münasibətdə hansı prinsipləri rəhbər tutacağıdır.

Rusiya ilə Ukrayna arasında davam edən müharibə bu məsələyə xüsusi geosiyasi həssaslıq qazandırır.
Rusiyanın təşkilatın fəaliyyətinə cəlb olunması, xüsusilə Ukraynanın ərazi bütövlüyü və Krım tatarlarının vəziyyəti nəzərə alınmadan həyata keçirilərsə, beynəlxalq müstəvidə ziddiyyətli siyasi mesajlar yarada bilər.

Krım tatarları Ukraynanın yerli xalqlarından biridir. Krımın 2014-cü ildə Rusiya tərəfindən ilhaqından sonra onların siyasi, mədəni və milli hüquqları ilə bağlı problemlər beynəlxalq təşkilatların hesabatlarında dəfələrlə əksini tapıb.

Belə olan halda, Rusiyada yaşayan türk xalqlarının mövcudluğunu Rusiyanın təşkilatda iştirakına əsas kimi irəli sürürüksə, Krım tatarlarının hüquqlarını da eyni prinsipiallıqla müdafiə etməliyik.

Ukraynanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzvlüyü ayrıca məsələdir. Çünki təşkilatın dövlətlərarası kimliyi türk dövlətçiliyi və ortaq türk irsi üzərində formalaşıb. Lakin Ukrayna ilə tərəfdaşlıq, müşahidəçi mexanizmləri və Krım tatarlarının təmsilçiliyi üçün imkanlar müzakirə oluna bilər.

Eyni yanaşma Çin və İran məsələsinə də şamil edilə bilər.

Çinin Sincan-Uyğur bölgəsində yaşayan uyğurlar və digər türk xalqları öz dillərinin, mədəniyyətlərinin və milli kimliklərinin qorunması ilə bağlı ciddi problemlərlə üzləşiblər. BMT-nin 2022-ci il hesabatında bölgədə ciddi insan hüquqları pozuntularının baş verdiyi qeyd olunub.

İranda yaşayan Azərbaycan türklərin və digər Türk topluluqlarının vəziyyəti də bu baxımdan xüsusi diqqət tələb edir. Onlar İranın ən böyük milli çoxunluğu olmaqla yanaşı, ölkənin tarixi, iqtisadi, sosial və siyasi həyatında mühüm yer tuturlar. Bununla belə, Azərbaycan türklərinin ana dilində təhsil almaq, Türk dilinin məktəbəqədər və ümumi təhsil sistemində təmin edilməsi, milli-mədəni irsin qorunması və ictimai həyatda ana dilindən sərbəst istifadə imkanlarının genişləndirilməsi ilə bağlı tələbləri uzun illərdir gündəmdədir.

İran Konstitusiyasının 15-ci maddəsi bütün dillərinin mətbuatda və kütləvi informasiya vasitələrində istifadəsinə, habelə məktəblərdə onların ədəbiyyatının tədrisinə müəyyən imkanlar tanısa da, bu müddəanın praktik həyata keçirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Azərbaycan türkcəsinin ümumi təhsil sistemində əsas tədris dili kimi tətbiq edilməməsi, dil və mədəniyyət hüquqlarının məhdud imkanlarla reallaşdırılması cəmiyyətdə narazılıq doğuran məsələlərdəndir.

Bununla yanaşı, Güney Azərbaycanda milli-mədəni kimliyin qorunması, tarixi və mədəni irsin inkişafı, Azərbaycan türkcəsində nəşriyyat, media və elmi fəaliyyət imkanlarının genişləndirilməsi də mühüm tələblər sırasındadır. Bu məsələlərə münasibət yalnız İranın daxili siyasəti çərçivəsində deyil, beynəlxalq insan hüquqlarının müdafiəsi və ana dilində təhsil prinsipləri kontekstində də qiymət verilməlidir.
Türk Dövlətləri Təşkilatı isə bu məsələyə siyasi qarşıdurma və ya hər hansı dövlətin daxili işlərinə müdaxilə mövqeyindən deyil, beynəlxalq hüququn, mədəni müxtəlifliyin və fundamental insan hüquqlarının qorunması prinsiplərindən yanaşmalıdır. Güney Azərbaycan türklərinin dilinin, mədəniyyətinin və milli kimliyinin qorunması təşkilatın türk xalqlarının mədəni irsinin yaşadılması istiqamətində həyata keçirə biləcəyi əməkdaşlıq proqramlarının tərkib hissəsi olmalıdır.

Sual oluna bilər əgər Rusiyanın ərazisində Türk xalqlarının yaşaması onun təşkilatın fəaliyyətinə cəlb edilməsinə əsasdırsa, Çin və İran ərazisində yaşayan türk xalqlarının hüquqları məsələsinə hansı yanaşma tətbiq olunacaq?

Türk Dövlətləri Təşkilatı dövlətlərin siyasi maraqlarına uyğun dəyişən yanaşmalar nümayiş etdirməməli, Türk xalqlarının dili, mədəniyyəti və milli kimliyinin qorunmasını beynəlxalq hüquq çərçivəsində ardıcıl şəkildə müdafiə etməlidir.

Genişlənmə əvəzinə çoxsəviyyəli tərəfdaşlıq modeli

Rusiyanın təşkilatın fəaliyyətinə cəlb edilməsi məsələsində daha rasional yanaşma müxtəlif iştirak və əməkdaşlıq statuslarının inkişaf etdirilməsidir.

Bu baxımdan aşağıdakı model təklif oluna bilər:

• Tamhüquqlu üzvlük: Türk dövlətlərinin ortaq siyasi iradəsi və təşkilatın əsas prinsipləri əsasında fəaliyyət göstərən dövlətlər.
• Müşahidəçi statusu: Türk dünyası ilə tarixi, mədəni və iqtisadi əlaqələri olan, lakin tamhüquqlu üzv olmayan dövlətlər.
• Xüsusi tərəfdaşlıq: Rusiya, Ukrayna, Çin və digər ölkələrlə konkret iqtisadi, nəqliyyat, enerji, elm və texnologiya sahələrində əməkdaşlıq.
• Türk xalqlarının təmsilçilik platforması: Müxtəlif ölkələrdə yaşayan türk xalqlarının mədəni, elmi, təhsil və milli irs məsələlərində iştirakını təmin edən məsləhətçi mexanizm.

Bu yanaşma bir tərəfdən təşkilatın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirər, digər tərəfdən onun türk dövlətlərinin ortaq siyasi platforması kimi mahiyyətini qoruyar.

Xüsusilə Türk xalqlarının təmsilçiliyi məsələsi dövlətlərarası üzvlük məsələsindən ayrılmalıdır. Tatarların, başqırdların, saxaların, Krım tatarlarının, uyğurların və Güney Azərbaycan türklərinin və digər Türk topluluqlarının nümayəndələri üçün xüsusi elmi, mədəni və hüquqi dialoq platformasının yaradılması təşkilatın fəaliyyətinə yeni məzmun qazandıra bilər.

Türk Dövlətləri Təşkilatının əsas problemi: iqtisadi və institusional potensialın tam reallaşdırılmaması
Hazırda təşkilatın qarşısında duran ən mühüm məsələ yeni üzvlərin və ya müşahidəçilərin sayını artırmaqdan daha çox, mövcud üzvlər arasında real inteqrasiya mexanizmlərini formalaşdırmaqdır.

Türk dövlətləri böyük təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə, enerji ehtiyatlarına, insan kapitalına və mühüm tranzit imkanlarına malikdir. Lakin bu potensial hələ vahid iqtisadi və maliyyə gücünə çevrilməyib.

Təşkilatın gələcək strategiyası bir neçə fundamental istiqamət üzərində qurulmalıdır.
Ortaq maliyyə institutu yaradılmalıdır.

Türk İnvestisiya Fondunun kapitalı və əməliyyat imkanları genişləndirilməli, gələcəkdə daha böyük maliyyə resurslarına malik Türk Dövlətləri İnkişaf Bankının yaradılması nəzərdən keçirilməlidir.
Belə bir institut infrastruktur, sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və regional investisiya layihələrini maliyyələşdirə bilər. Beynəlxalq maliyyə bazarlarından kapital cəlb etməklə türk dövlətlərinin investisiya imkanlarını artırmaq mümkündür.

Məqsəd Dünya Bankını qısa müddətdə əvəz etmək deyil, türk dünyasının öz strateji inkişaf layihələrini maliyyələşdirə bilən güclü regional maliyyə sistemi yaratmaqdır.

Vahid iqtisadi məkan formalaşdırılmalıdır.

Gömrük prosedurları sadələşdirilməli, texniki standartlar uyğunlaşdırılmalı, qarşılıqlı investisiyalar və sahibkarlıq fəaliyyəti üçün hüquqi maneələr azaldılmalıdır.

Türk dövlətləri arasında azad ticarət imkanları mərhələli şəkildə genişləndirilməli, iqtisadi inteqrasiya real biznes münasibətlərinə əsaslanmalıdır.

Enerji və nəqliyyat strategiyası uzlaşdırılmalıdır.

Azərbaycanın tranzit imkanları, Qazaxıstanın və Türkmənistanın enerji resursları, Türkiyənin Avropa bazarlarına çıxışı, Özbəkistanın sənaye potensialı vahid iqtisadi strategiya daxilində əlaqələndirilməlidir.
Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil, türk dövlətlərini birləşdirən iqtisadi və logistika sisteminə çevrilməlidir.

Xəzər limanlarının imkanları artırılmalı, dəmir yolları və avtomobil nəqliyyatı infrastrukturu modernləşdirilməli, vahid rəqəmsal gömrük və yük izləmə sistemi yaradılmalıdır.
Rəqəmsal və texnoloji inteqrasiya sürətləndirilməlidir.

Süni intellekt, kibertəhlükəsizlik, məlumat mərkəzləri, rəqəmsal maliyyə və proqram təminatı sahələrində ortaq layihələr həyata keçirilməlidir.

Türk dillərini əhatə edən ortaq süni intellekt platformasının yaradılması, universitetlər və texnologiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Ortaq elmi və təhsil məkanı formalaşdırılmalıdır.

Universitetlər arasında diplomların qarşılıqlı tanınması, tələbə və alim mübadiləsi, ortaq elmi tədqiqat fondları və texnoloji innovasiya mərkəzləri yaradılmalıdır.

Türk dünyası yalnız tarixi və mədəni irsi ilə deyil, elmi və texnoloji nailiyyətləri ilə də beynəlxalq rəqabətdə iştirak etməlidir.

İnstitusional idarəetmə təkmilləşdirilməlidir.

Təşkilatın qəbul etdiyi qərarların icrasına nəzarət edən, nəticələri qiymətləndirən və müntəzəm hesabat hazırlayan mexanizmlər gücləndirilməlidir.

Hər bir zirvə görüşündə yeni təşəbbüslər irəli sürülməklə yanaşı, əvvəlki qərarların icra vəziyyəti də qiymətləndirilməlidir. Təşkilatın fəaliyyətinin nəticələri konkret iqtisadi göstəricilər, investisiya həcmləri, ticarət dövriyyəsi və həyata keçirilmiş layihələrlə ölçülməlidir.

Türk dünyasının beynəlxalq nüfuzu: siyasi bəyanatlardan real gücə.

Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsi üçün iqtisadi inteqrasiya ilə yanaşı, vahid strateji düşüncə və institusional məsuliyyət də formalaşmalıdır.

Beynəlxalq münasibətlər sistemində nüfuz yalnız dövlətlərin sayına, ərazisinə və əhalisinə görə müəyyən edilmir. İqtisadi rəqabət qabiliyyəti, maliyyə imkanları, texnoloji inkişaf, hüquqi sabitlik, beynəlxalq ticarətdə mövqe və institusional etibarlılıq da mühüm amillərdir.

Türk dövlətləri elə bir iqtisadi və siyasi əməkdaşlıq sistemi qurmalıdırlar ki, beynəlxalq investorlar bu bazara maraq göstərsin, böyük şirkətlər burada fəaliyyət göstərməyə can atsın, qlobal ticarət marşrutları türk dövlətlərinin infrastrukturundan istifadə etməyə üstünlük versin.

Bunun üçün ortaq media və informasiya platformalarının, beynəlxalq arbitraj mexanizmlərinin, investisiyaların hüquqi müdafiəsi institutlarının və müstəqil elmi mərkəzlərin yaradılması da vacibdir.
Təşkilatın uzunmüddətli inkişafı üçün 2030, 2040 və 2050-ci illəri əhatə edən konkret strateji hədəflər müəyyən edilməlidir. Bu hədəflər siyasi bəyanatlarla məhdudlaşmamalı, maliyyə təminatı və icra mexanizmləri ilə müşayiət olunmalıdır.

Strateji təklif

Tokayevin təşəbbüsü təşkilatın gələcək genişlənmə və tərəfdaşlıq siyasətinin müzakirəsi üçün bir fürsət yaradır. Lakin bu müzakirə təşkilatın əsas inkişaf problemlərini kölgədə qoymamalıdır.
Rusiyada yaşayan türk xalqlarının hüquqlarının və mədəni irsinin qorunması mühüm məsələdir. Rusiya ilə iqtisadi və siyasi əməkdaşlıq da mümkündür. Lakin bu əməkdaşlıq təşkilatın müstəqilliyi, türk dövlətlərinin suverenliyi və ortaq strateji maraqları hesabına qurulmamalıdır.

Bu baxımdan, Tokayevə və digər türk dövlətlərinin liderlərinə təklifim belədir:

Gəlin, ilk növbədə təşkilatın iqtisadi və maliyyə imkanlarını gücləndirək. Ortaq inkişaf bankı yaradaq, iqtisadi inteqrasiyanı dərinləşdirək, enerji və nəqliyyat siyasətimizi uzlaşdıraq, texnoloji və elmi əməkdaşlığı genişləndirək, türk xalqlarının hüquqlarını müdafiə edən institusional mexanizmlər formalaşdıraq.

Türk Dövlətləri Təşkilatının əsas vəzifəsi yalnız dövlətlərarası görüşlər keçirmək deyil, üzv ölkələrin iqtisadiyyatında, cəmiyyətində və beynəlxalq mövqeyində real dəyişikliklər yaratmaq olmalıdır.

Ortaq kimlik və Türk Birliyi vətəndaşlığı: inteqrasiyanın yeni mərhələsi

Türk Dövlətləri Təşkilatının gələcək inkişaf strategiyası yalnız iqtisadi, maliyyə və siyasi inteqrasiya ilə məhdudlaşmamalıdır. Bu inteqrasiyanın ən mühüm istiqamətlərindən biri də ortaq kimliyin və perspektivdə ortaq vətəndaşlıq institutunun formalaşdırılması olmalıdır.

Bu gün Azərbaycan vətəndaşı eyni zamanda Avropa İttifaqının vətəndaşı deyil. Lakin Almaniya vətəndaşı həm Almaniya, həm də Avropa İttifaqı vətəndaşıdır. Avropa inteqrasiyasının hüquqi modelinə əsasən, Avropa İttifaqı vətəndaşlığı milli vətəndaşlığı əvəz etmir, ona əlavə olunur və fərdlərə əlavə hüquqlar verir.
Türk dövlətləri də gələcəkdə özünəməxsus inteqrasiya modeli yarada bilərlər.

Təklif edirəm ki, Türk Dövlətləri Təşkilatının inkişafının növbəti mərhələsi üçün daha geniş siyasi və institusional birlik konsepsiyası – Türk Dövlətləri Birliyi ideyası müzakirəyə çıxarılsın. Bu birliyin gələcək vətəndaşlıq institutu isə Türk Birliyi vətəndaşlığı adlandırıla bilər.

Belə bir model çərçivəsində Azərbaycan vətəndaşı həm Azərbaycan vətəndaşı, həm də Türk Birliyi vətəndaşı statusuna malik ola bilər. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları üçün də eyni hüquqi prinsip tətbiq edilə bilər.

Burada məqsəd milli dövlətləri və onların suverenliyini zəiflətmək deyil. Əksinə, milli dövlətlərin mövcudluğunu və müstəqilliyini qorumaqla onların vətəndaşlarına daha geniş hüquqlar və imkanlar yaratmaqdır.

Türk Birliyi vətəndaşlığı gələcəkdə üzv dövlətlər arasında sərbəst hərəkət, yaşayış, əmək fəaliyyəti, təhsil, sahibkarlıq, sosial təminat və hüquqi müdafiə imkanlarını genişləndirə bilər. Üzv ölkələrin universitetlərində təhsil alan gənclər vahid təhsil məkanından yararlana, iş adamları ümumi bazarda daha sərbəst fəaliyyət göstərə, mütəxəssislər isə digər üzv dövlətlərdə öz bilik və bacarıqlarını tətbiq edə bilərlər.
Bu, eyni zamanda ortaq türk kimliyinin formalaşmasına xidmət edəcəkdir.

Ortaq kimlik milli kimliklərin inkarı və ya əvəzlənməsi demək deyil. İnsan həm azərbaycanlı, həm Azərbaycan vətəndaşı, həm də Türk Birliyinin vətəndaşı ola bilər. Qazax, özbək, qırğız və türk xalqlarının nümayəndələri də öz milli kimliklərini qorumaqla ümumi birliyin iştirakçısına çevrilə bilərlər.
Bu ideyanın reallaşması üçün ortaq təhsil proqramları, vahid elmi məkan, universitetlərarası əməkdaşlıq, gənclər mübadiləsi, ortaq media və informasiya platformaları, türk dillərinin öyrənilməsi və qarşılıqlı mədəni əlaqələr inkişaf etdirilməlidir.

Əlbəttə, ortaq vətəndaşlıq dərhal tətbiq edilə biləcək mexanizm deyil. Bunun üçün üzv dövlətlər arasında beynəlxalq müqavilə, hüquqi təminatlar, ümumi institutlar və mərhələli icra mexanizmləri yaradılmalıdır.
Lakin strateji məqsəd indidən müəyyən edilməlidir: Türk dövlətlərinin vətəndaşları bir-birini yalnız dost və qardaş ölkələrin vətəndaşları kimi deyil, həm də ortaq iqtisadi, hüquqi və gələcək siyasi məkanın iştirakçıları kimi görməlidirlər.

Məncə, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün ən mühüm ideyalardan biri məhz budur: ortaq tarixdən ortaq kimliyə, ortaq kimlikdən ortaq iqtisadi məkana, ortaq iqtisadi məkandan isə Türk Birliyi vətəndaşlığına doğru irəliləmək.

Bu, Türk dünyasının inteqrasiyasına yeni məzmun və strateji perspektiv qazandıra bilər.

Nəticə: Dünya Türk Dövlətləri Təşkilatının gücü ilə hesablaşmalıdır

Məsələnin mahiyyəti Rusiyanın təşkilata dəvət olunub-olunmamasından daha genişdir. Əsas məsələ Türk dünyasının hansı inkişaf modelini seçəcəyidir.

Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində müstəqil iqtisadi və siyasi güc mərkəzinə çevrilmək istəyirsə, ilk növbədə öz daxili potensialını reallaşdırmalıdır.

Biz Rusiya ilə də, Çinlə də, Avropa İttifaqı ilə də, ABŞ-la da qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olmalıyıq. Lakin heç bir tərəfdaşlıq Türk dövlətlərinin öz strateji gündəliyini müəyyən etmək hüququnu məhdudlaşdırmamalıdır.

Türk dünyasının gələcəyi başqalarının siyasi iradəsinə uyğunlaşmaqda deyil, öz iqtisadi, maliyyə, elmi və texnoloji imkanlarını inkişaf etdirməkdədir.

Əsl strateji hədəfimiz belə olmalıdır: elə bir güclü iqtisadi və institusional sistem yaradaq ki, dünyanın böyük dövlətləri və beynəlxalq şirkətləri Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı özləri üçün mühüm strateji zərurət hesab etsinlər.

Dünya bizim sıralarımıza qoşulmaq istəyirsə, ilk növbədə biz elə bir dəyər və güc yaratmalıyıq ki, bu əməkdaşlıq bütün tərəflər üçün cəlbedici olsun.

Türk dünyası yalnız keçmişin böyük sivilizasiyası kimi xatırlanmamalıdır. O, gələcəyin də nüfuzlu iqtisadi, elmi, texnoloji və siyasi güc mərkəzlərindən birinə çevrilməlidir.

Bu, sadəcə siyasi arzu deyil, düzgün strategiya, güclü institutlar, ortaq iqtisadi maraqlar və ardıcıl siyasi iradə tələb edən tarixi vəzifədir.

SON: Türk dünyasının əsas hədəfi genişlənməkdən əvvəl güclənmək, gücləndikdən sonra isə beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq olmalıdır.

Paylaş: