Xəbər axtarın

Son axtarış nəticələri:

MKA-dan soyutma avadanlıqlarına kiberhücum riskləri ilə bağlı XƏBƏRDARLIQ

04.11.2026 20:10

MKA-dan soyutma avadanlıqlarına kiberhücum riskləri ilə bağlı XƏBƏRDARLIQ

MKA soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir.

Agentlikdən Primeinfo.az-a verilən məlumata görə, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeydə alınıb: “11 oktyabr 2026-cı il tarixində Fransada yüzlərlə supermarketin bu hücumlardan zərər çəkdiyi, 2 noyabr tarixində isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlərin baş verdiyi bildirilir. Təhlükənin təsir dairəsi ticarət sektoru ilə məhdudlaşmır. Fransanın qan banklarından birində istifadə olunan soyutma avadanlığına müdaxilə edilməsi barədə məlumatlar bu cür hücumların səhiyyə sahəsi üçün də risk yaratdığını göstərir.

Hücumlar zamanı kiberdələduzlar soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə icazəsiz giriş əldə edərək onları əridilmə (defrost) rejiminə keçirir və ya temperatur göstəricilərini 50°C-dək yüksəldirlər. İnsidentlərin əsasən gecə saatlarında baş verməsi müdaxilənin səhər saatlarınadək aşkarlanmamasına, nəticədə isə saxlanılan məhsulların yararsız hala düşməsinə səbəb olur.

Hücumların əsas hədəfləri internet üzərindən birbaşa əlçatan olan idarəetmə interfeysləridir. Bu çərçivədə istehsalçı dəstəyini itirmiş “Danfoss AK-SM 800” və “AK- SC 355” modelləri, köhnəlmiş proqram təminatı ilə işləyən “AK-SM 800A” kontrollerləri, eləcə də “Copeland XWEB” və “Dixell XWEB” sistemləri diqqət mərkəzindədir. İlkin qiymətləndirmələrə əsasən, insidentlərə səbəb olan əsas zəifliklər arasında standart giriş məlumatlarının dəyişdirilməməsi və proqram təminatının vaxtında yenilənməməsi yer alır.

Bu cür müdaxilələrin nəticələri yalnız maddi itkilərlə məhdudlaşmır. Temperatur rejiminin pozulması avadanlıqların sıradan çıxmasına, yanğın riskinin yaranmasına, həmçinin dərman vasitələrinin və digər tibbi məhsulların tələb olunan saxlanma şəraitinin pozulmasına səbəb ola bilər.

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) təşkilatları avtomatlaşdırılmış idarəetmə sistemlərinə, xüsusilə soyutma sistemlərinə yönəlmiş kiberhücum riskəri ilə bağlı ehtiyatlı olmağa çağırır”,- qurumun məlumatında qeyd olunur.

Paylaş: