
2020’yə qədərki dönəmdə aşağılıq kompleksi içində qovrulurduq. İndi toplumun bir bölümü yuxarılıq kompleksində (superiority complex) gerçəklik hissini itirməkdədir.
Bir neçə il bundan əvvəl RF’ə münasibətdə yazımda belə bir cümlə qurmuşdum. Rusiya düşünür: Azərbaycan, Qarabağ problemini çözərsə, daha allahına bəndəlik etməyəcək. İndi bu fikir Türkiyəyə münasibətdə gerçəkləşdi.
Ayətüllah Şəriətmədari, Elçibəy, Heydər Əliyev və İlham Əliyevin Türkiyəyə münasibətdə təkrarladıqları “İki dövlət, bir millət” şüarının yerini; Mirzə Cəlilin bir zamanlar formulə etdiyi (Anamın Kitabı) ətrafdakı böyük dövlətlərdən eyni məsafədə durmaq doktrini tutmaqdadır. Daha qorxulusu, bu üç dövlətlə didişmək, təcridə və təhlükəyə yol açmazmı?
İsraillə müttəfiq ola bilərsiniz, hətta lazımdır da. Amma onun limiti var. Türkiyə ilə strateji münasibətlərin isə qətiyyən alternativi deyildir.
Azərbaycan xalqı nankor deyildir, Türkiyə xalqı da elə; yaxşılıq, yardım, fədakarlıq unudulmur, unudulmayacaq!
Türkiyə Cümhuriyyətində hakim partiyanın rəsmi ideolojisi nə olursa-olsun, Türk dövlətlərində Türkçü-Turançı siyasət uyğulamalıdır. Bunun fərqində olmadığından indi heyrət içindədirlər.
Çox əvvəllər yazmışdım, təəssüf, yenidən xatırlamalı oldum. İki xalq arasında ilişkilər o qədər iç-içə olmalıdır ki, iqtidarlar strateji xəttə zərər vurmağın bədəlindən qorxsunlar.
Bu arada; Orta məktəbin vəzifəsi müstəqil düşünən və hərəkət etməyə qadir vətəndaş yetişdirməkdir. Vahid məktəbli forması fərdin deyilən müstəqilliyinə xidmət etmir, klon yaratmaq istəyinə tabe tutulur. Onun (məktəbli formasının) siyasiləşdirilməsi isə çağdaşçılığa deyil, toplumun bölünməsinə xidmət edir.
Qarabağ Zəfəri bir möcüzə idi, amma onun kölgəsində uzun yol getmək mümkün deyil. Kölgə bitəndə minbir problem ortaya çıxır.
Nəsib Nəsibli, Azərbaycanın İrandakı keçmiş səfiri, professor