Xəbər axtarın

Son axtarış nəticələri:

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında “Meyvələr” KOLLEKSİYASI - FOTO

30.10.2026 21:52

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında “Meyvələr” KOLLEKSİYASI - FOTO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində “Azərxalça” Xalça Qalereyasında rəssamlar Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasından seçilmiş xalçalar nümayiş olunub.

Primeinfo.az xəbər verir ki, kolleksiya ənənəvi Azərbaycan xalçaçılığını müasir bədii yanaşma ilə birləşdirib.

Kolleksiyanın ilkin ideyası Samirə Allahverdiyevaya məxsusdur. Rəssamın uşaqlıq xatirələri, xalçaçı nənəsinin sənəti, eləcə də Azərbaycanın bölgələrində meyvələrin qədim xalçaların üzərində qurudulması ənənəsi layihənin bədii əsasını təşkil edir. Əsərlərdəki xurma və nar motivləri yaddaş, milli ənənələr, bolluq və bərəkət anlayışlarını ifadə edir.

İlkin ideyanı özünəməxsus bədii üslubda inkişaf etdirən Səma Məmmədli kolleksiyaya yeni vizual istiqamət verib. Onun kompozisiyalarında nar, alma və limon motivləri müasir rəng palitrası və dinamik dizayn həlləri ilə təqdim olunur. Rəssamların fərqli baxışları kolleksiyada ənənə ilə müasirlik arasında yaradıcı dialoq yaradır.

Yun və ipək qarışığından hazırlanan xalçalar 3D toxuculuq texnologiyası ilə əl üsulu ilə toxunub. Bu texnika meyvə motivlərinə həcm və relyef effekti verir. Xalçalar “Azərxalça” ASC-nin Azərbaycanın bölgələrində fəaliyyət göstərən qadın toxucuları tərəfindən hazırlanıb.

Layihə müasir incəsənətlə ənənəvi xalçaçılıq sənətini bir araya gətirməklə yanaşı, milli irsin qorunmasına və qadın toxucuların sənətkarlıq ənənələrinin yaşadılmasına töhfə verir.

Qeyd edək ki, rəssam və dizayner Samirə Allahverdiyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq üzrə bakalavr, qrafik dizayn üzrə magistr təhsili alıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkarın əsərləri Azərbaycan, Türkiyə, ABŞ, Belçika və Rusiyada nümayiş etdirilib, şəxsi kolleksiyalarda yer alıb. Xalça rəssamı və dizayner Səma Məmmədli isə həmin akademiyanın SABAH qruplarında dekorativ-tətbiqi sənət fakültəsinin bədii xalça ixtisası üzrə təhsil alıb. O, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür və 2024-cü ildən “Azərxalça” ASC-də çalışır.

Paylaş: