Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan: "Azərbaycanlı qardaşlarımızı sədrlik müddətində göstərdikləri səylərə görə təbrik edirəm" - FOTO

30.10.2026 17:39

Ərdoğan: "Azərbaycanlı qardaşlarımızı sədrlik müddətində göstərdikləri səylərə görə təbrik edirəm" - FOTO

“Bu gün Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısı uğurla başa çatıb”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qəbul edilən Ankara Bəyannaməsi və alınan qərarlarla “Dildə, fikirdə, işdə birlik” şüarı rəhbər tutularaq, konkret addımların müəyyənləşdirildiyini bildirib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə bu gündən etibarən təşkilata dövri sədrliyi Azərbaycandan təhvil alır.

“Azərbaycanlı qardaşlarımıza sədr olduqları müddətdə göstərdikləri səylərə görə təşkilatımız adından təbriklərimi çatdırıram”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

O bildirib ki, Türkiyənin sədrliyi dövründə təşkilatın indiyədək formalaşdırdığı institusional təcrübənin daha konkret nailiyyətlərə çevrilməsi hədəflənir:

“Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə ortaq dilin yayılması, ilk növbədə idman olmaqla mədəni tədbirlərin dəstəklənməsi və ölkələr arasında səfərlərin asanlaşdırılması istiqamətlərində irəliləyişə nail olmaq nəzərdə tutulur. Türk Dövlətləri Təşkilatının Quzey Kıbrıs Türk Cümhuriyyətilə təmaslarını artıracağına inanıram. Cənubi Qafqazda sülh və sabitliyin hökm sürməsi region ölkələri ilə yanaşı, bütün türk dünyası üçün mühüm imkanlar yaradacaq.

“Azərbaycanlı qardaşlarımızın Ermənistanla apardığı təmasları dəstəkləyirik, davamlı sülhün təmin olunması üçün əlimizdən gələn töhfəni verməyə davam edəcəyik”.

Türkiyə Prezidenti regionda baş verən münaqişələrin heç bir tərəfə fayda gətirmədiyini, əksinə, qlobal iqtisadiyyat, ticarət və enerji bazarları üçün ciddi nəticələrə səbəb olduğunu diqqətə çatdırıb.

O, İranla son dövrdə yenidən artan gərginliyin silahlar əvəzinə diplomatiya yolu ilə həll olunmasını arzuladıqlarını bildirib.

Ərdoğan Fələstin məsələsinə də toxunaraq, türk dövlətlərinin bu problemin ədalətli həlli üçün daha çox səy göstərməli olduğunu vurğulayıb.

“1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına dəstək verməyi davam etdirməliyik”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Türkiyə Prezidenti türk dövlətləri arasında həmrəyliyin daimi, zirvə toplantısının və qəbul edilən qərarların türk dünyası üçün xeyirli olmasını diləyib.

Paylaş: