Xəbər axtarın

Son axtarış nəticələri:

Polşada dövlət çevrilişi cəhdi: Prezident təcili iclas çağırdı - FOTO - VİDEO 

31.10.2026 10:00

Polşada dövlət çevrilişi cəhdi: Prezident təcili iclas çağırdı - FOTO - VİDEO 

Polşada Konstitusiya Tribunalının rəhbərliyi ətrafında ciddi siyasi və hüquqi qarşıdurma yaranıb.

Primeinfo.az xəbər verir ki, tribunalın rəsmi sosial media hesabında ölkədə baş verən hadisələr dövlət çevrilişi cinayəti kimi qiymətləndirilib.

Oktyabrın 30-da Konstitusiya Tribunalının sədri Boqdan Şvençkovski və onun müavini Bartlomey Soxanskinin vəzifə səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə məlumat yayılıb.

Polşanın PAP agentliyinin məlumatına görə, qərarı hakim Anna Korvin-Piotrovska qəbul edib. Tribunalın internet saytında yayımlanan sənədlərə əsasən, hər iki vəzifəli şəxsin səlahiyyətlərinin bir ay müddətinə dayandırılması nəzərdə tutulub.

Lakin tribunalın X sosial şəbəkəsindəki rəsmi hesabından yayılan bəyanatda bu qərarlar qanunsuz adlandırılıb.

Bəyanatda bildirilib ki, Konstitusiya Tribunalının internet saytı qanunsuz ələ keçirilib, Boqdan Şvençkovski və Bartlomey Soxanski isə əvvəlki vəzifələrində qalırlar.

“Bu hərəkətlərdə iştirak edən bütün şəxslər dövlət çevrilişi cinayəti törədirlər”, – deyə tribunalın sosial media hesabından yayılan açıqlamada vurğulanıb.

Hadisələrdən sonra Varşavada Konstitusiya Tribunalının binası ətrafına polis qüvvələri cəlb olunub. Etiraz aksiyası zamanı bəzi şəxslər binanın ərazisinə daxil olmağa çalışıb, polis əməkdaşlarına müxtəlif əşyalar atılıb.

Polis üç nəfəri saxlayıb.

Ölkədəki hadisələrə görə Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq təcili şəkildə ölkəsinə qayıtmaq qərarı verib.

Prezidentin təyyarəsi səfər zamanı geri döndərilib.

Bununla yanaşı, Polşanın baş prokuroru Valdemar Jurek tribunal rəhbərliyinin toxunulmazlığının ləğvi ilə bağlı beş müraciət təqdim etdiyini açıqlayıb. Onlardan dördü Boqdan Şvençkovskiyə, biri isə Bartlomey Soxanskiyə aiddir.

Baş nazir Donald Tusk isə qanunun aliliyinin bərpasının hökumətin vəzifəsi olduğunu bildirib.

Xatırladaq ki, Polşada Konstitusiya Tribunalı ətrafındakı qarşıdurma 2023-cü ildə hakimiyyətə gələn Donald Tusk hökuməti ilə əvvəlki hakim partiya olan “Hüquq və Ədalət” arasında məhkəmə islahatları ilə bağlı uzunmüddətli mübahisələr fonunda baş verir.

Hazırda tribunalın rəhbərliyi və hakimlərin səlahiyyətləri ilə bağlı tərəflər bir-birinin qərarlarını tanımır.

Polşada dövlət çevrilişi cəhdi: Prezident təcili iclas çağırdı - FOTO - VİDEO 

Paylaş: