
Türkiyə və Azərbaycan münasibətləri adi dövlətlərarası münasibətlər çərçivəsinə sığmayan, ortaq tarixə, dilə, mədəniyyətə, milli yaddaşa və mənəvi dəyərlərə söykənən xüsusi bir birlik nümunəsidir. Bu münasibətləri yalnız siyasi, iqtisadi və hərbi əməkdaşlıqla izah etmək mümkün deyil. Türkiyə və Azərbaycan bir-birinin gücünə güc qatan, regional və beynəlxalq mövqelərini qarşılıqlı şəkildə möhkəmləndirən iki qardaş dövlətdir. Bu birlik eyni zamanda türk dünyasının gələcək inteqrasiyasının mühüm dayaqlarından biridir.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzun illər ərzində nümayiş etdirdikləri səmimi qardaşlıq münasibətləri bu yaxınlaşmanın formalaşmasında müstəsna rol oynayıb. Onların bir-birinə qardaş münasibəti, çətin məqamlarda nümayiş etdirdikləri siyasi həmrəylik və qarşılıqlı dəstək yalnız dövlət başçıları arasındakı münasibətləri deyil, Azərbaycan və Türkiyə xalqlarının bir-birinə baxışını da əhəmiyyətli dərəcədə dəyişib. Bu siyasi iradə xalqlar arasında etimadın möhkəmlənməsinə və türk dünyasının inteqrasiya prosesinin sürətlənməsinə güclü təsir göstərib.
Lakin bu münasibətlərin dərinliyini və əhəmiyyətini anlamaq üçün bir məsələ üzərində də düşünməliyik: Türkiyə və Azərbaycanda bu birliyin inkişafını istəyənlər kimlərdir, ona qarşı çıxanlar kimlərdir və hansı qüvvələr öz maraqlarını ümumi strateji maraqlardan üstün tuturlar?

Mənim qənaətimə görə, hər iki ölkənin ictimai-siyasi mühitində bu münasibətlərə yanaşmanı şərti olaraq üç qrup üzrə təhlil etmək mümkündür.
Birinci qrup: Türkiyə–Azərbaycan yaxınlaşmasını istəməyən, iki xalq arasında etimadı zədələməyə çalışan qüvvələrdir. Bu qrupa həm Türkiyədə Azərbaycanı, həm də Azərbaycanda Türkiyəni təhqir edən, iki ölkənin münasibətlərinə düşmənçilik və qarşıdurma prizmasından yanaşan marginal qruplar daxildir. Onların nə Türkiyə, nə də Azərbaycan cəmiyyətində ciddi ictimai nüfuza malik olduqlarını düşünürəm. Lakin saylarının və ictimai təsirlərinin məhdud olması onların informasiya məkanında yarada biləcəkləri mənfi təsiri nəzərə almamağa əsas vermir.
İkinci qrup: Türkiyə–Azərbaycan birliyini səmimi şəkildə dəstəkləyən, onu tarixi və milli məsuliyyət kimi qəbul edən qüvvələrdir. Bu insanlar üçün Türkiyə ilə Azərbaycanın yaxınlığı müvəqqəti siyasi maraq deyil, ortaq tarixin, milli kimliyin və gələcək nəsillər qarşısında məsuliyyətin ifadəsidir. Onlar hesab edirlər ki, Türkiyənin güclənməsi Azərbaycanın, Azərbaycanın güclənməsi isə Türkiyənin strateji mövqelərini möhkəmləndirir.
Üçüncü qrup: Türkiyə və Azərbaycanın münasibətlərindən daha çox öz korporativ, iqtisadi və şəxsi maraqlarını üstün tutan qüvvələrdir. Bu kateqoriyaya hər iki ölkədə rast gəlmək mümkündür. Onlar üçün əsas məsələ Türkiyə–Azərbaycan birliyinin güclənməsi deyil, həmin münasibətlərdən hansı iqtisadi, siyasi və ya institusional mənfəətin əldə edilməsidir. Maraqları üst-üstə düşəndə yaxınlaşmanı dəstəkləyir, ziddiyyət yarandıqda isə məsafəli mövqe tuturlar.
Əlbəttə, hər bir tənqidi mövqeyi Azərbaycana və ya Türkiyəyə qarşı münasibət kimi qiymətləndirmək doğru olmaz. İki müstəqil dövlət arasında fikir ayrılıqları və fərqli yanaşmalar təbiidir. Əsas məsələ bu müzakirələrin qarşılıqlı hörmət, hüquqi bərabərlik və dövlətlərin suverenliyinə ehtiram çərçivəsində aparılmasıdır.
Dünya nizamının yenidən formalaşdığı, qlobal və regional güc mərkəzləri arasında rəqabətin dərinləşdiyi, siyasi, iqtisadi, texnoloji və geosiyasi transformasiyaların görünməmiş sürətlə baş verdiyi mürəkkəb tarixi mərhələdən keçirik. Süni intellekt inqilabı, rəqəmsal iqtisadiyyat, yeni kommunikasiya texnologiyaları, enerji və nəqliyyat dəhlizləri uğrunda rəqabət dövlətlərin gələcək inkişaf trayektoriyasını və beynəlxalq münasibətlər sistemindəki mövqelərini müəyyənləşdirən əsas amillərə çevrilir. Belə bir şəraitdə Türkiyə və Azərbaycanın qarşısında yalnız yeni çağırışlar deyil, həm də öz tarixi inkişafının növbəti mərhələsini formalaşdırmaq üçün mühüm strateji imkanlar yaranır. Bu imkanları vaxtında dərk etmək, milli maraqların uzlaşdırılması əsasında ortaq strateji hədəflərə çevirmək və konkret nəticələr əldə etmək hər iki dövlətin siyasi uzaqgörənliyinin və gələcək nəsillər qarşısında tarixi məsuliyyətinin göstəricisi olmalıdır.
Belə bir tarixi şəraitdə bizim vəzifəmiz xırda incikliklərə, şəxsi ambisiyalara və keçici fikir ayrılıqlarına qapılmaq deyil. Əksinə, yaranmış tarixi fürsətləri düzgün qiymətləndirmək, onlardan maksimum dərəcədə yararlanmaq və ortaq ideyaları real layihələrə çevirməkdir. Tarix hər zaman belə imkanlar yaratmır. Bu gün dəyərləndirə bilmədiyimiz fürsətlərin sabah əldən çıxmasına görə peşman olmaq isə heç nəyi dəyişməyəcək.
Dövlətlərarası münasibətlərin möhkəmliyi yalnız xoş niyyətlərdən deyil, hüquqi təminatlardan, institusional mexanizmlərdən, qarşılıqlı öhdəliklərdən və davamlı dialoqdan asılıdır. Bakı və Ankara bütün mühüm məsələləri ilk növbədə öz aralarında müzakirə etməli, ortaq maraqlara toxunan problemləri birbaşa dialoq və qarşılıqlı anlaşma yolu ilə həll etməlidirlər. Bu, hər iki dövlətin suverenliyinə və bərabərhüquqlu tərəfdaşlığına əsaslanan ən sağlam yanaşmadır.
Yumşaq güc də məhz burada öz əhəmiyyətini göstərir. Təhsil, elm, universitetlər, media, mədəniyyət, iqtisadi əlaqələr, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əməkdaşlıq iki xalqın bir-birinə yaxınlaşmasını və ortaq inkişaf imkanlarını genişləndirə bilər. Bu istiqamətlərdə birgə fəaliyyətin genişləndirilməsi artıq yalnız arzu deyil, zamanın tələbidir.

Mən Azərbaycan-Türkiyə münasibətlərinə yalnız bugünkü siyasi reallıqlar prizmasından baxmıram. Bu münasibətləri gələcək nəsillərə ötürməli olduğumuz tarixi miras hesab edirəm. Bizim istəyimiz Türkiyənin Azərbaycanda, Azərbaycanın isə Türkiyədə üstünlük qazanması deyil. Bizim istəyimiz hər iki dövlətin müstəqil, güclü, nüfuzlu və beynəlxalq münasibətlər sistemində söz sahibi olmasıdır.
Türkiyə və Azərbaycan bir-birinin alternativi deyil, bir-birinin gücünə güc qatan iki müstəqil dövlətdir. Birliyimiz kiməsə qarşı olmaq üçün deyil, öz gələcəyimizi daha güclü qurmaq üçündür.
Bu gün hər iki ölkədə yaşayan, çalışan, qərar qəbul edən və ictimai rəy formalaşdıran hər kəs bir həqiqəti dərk etməlidir: Türkiyə–Azərbaycan birliyini qorumaq yalnız siyasi seçim deyil, tarixi məsuliyyətdir. Bu məsuliyyət nə bir siyasi liderin, nə bir hökumətin, nə də müəyyən bir nəslin üzərinə düşür. Bu, hər iki xalqın ortaq məsuliyyətidir.
Bakı və Ankara arasında qarşılıqlı etimadın, açıq dialoqun və strateji məsləhətləşmələrin daha da dərinləşdirilməsi zamanın tələbidir. İki dövlət ortaq maraqlarına toxunan məsələləri ilk növbədə öz aralarında müzakirə etməli, fikir ayrılıqlarını qarşılıqlı hörmət və siyasi iradə əsasında aradan qaldırmalı, yaranmış tarixi imkanları isə birgə inkişaf strategiyasına çevirməlidir. Bu gün şəxsi ambisiyalardan, keçici incikliklərdən və dar maraqlardan daha üstün tutmalı olduğumuz dəyər iki dövlətin və iki xalqın ortaq gələcəyidir. Çünki bu gün qəbul edilən qərarlar yalnız indiki siyasi nəslin deyil, gələcək nəsillərin də taleyini müəyyənləşdirəcək.
Tarixin yaratdığı bu strateji fürsəti dəyərləndirmək, onu ortaq gücə və davamlı inkişaf modelinə çevirmək Türkiyə və Azərbaycanın qarşısında dayanan tarixi məsuliyyətdir. Bu məsuliyyətə sədaqət isə gələcək nəsillərə ən böyük siyasi və mənəvi mirasımız olacaqdır.
Səftər Rəhimli, hüquq elmləri doktoru