
İçərişəhərdə yerləşən Leyla Əhmədova Yüksək Moda Mərkəzində Kərkük Mədəniyyət Dərnəyinin hazırladığı İraq türkmənlərinə məxsus milli geyimlərin təqdimat mərasimi keçirilib.
Primeinfo.az xəbər verir ki, tədbir çərçivəsində İraq türkmanlarının geyim irsini əks etdirən nümunələr muzeydə sərgilənib.
Bildirilib ki, sözügedən geyimlər Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə hədiyyə edilmək üçün hazırlanıb.
Şair, yazıçı, Kərkük Mədəniyyət Mərkəzinin qurucusu və rəhbəri Dr. Şəmsəddin Kuzəçi və modelyer Leyla Əhmədovanın ev sahibliyi ilə keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, kulturoloq professor Fuad Məmmədov, Aşıq Ələsgər Ocağının sədri Xətai Ələsgərli, Əməkdar artist Elza Seyidcahan, həmçinin ictimaiyyət, media və mədəniyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Leyla Əhmədova İraq türkman geyimlərinin bədii xüsusiyyətlərindən danışıb:
“İraq türkmən mədəniyyəti ilə Azərbaycan geyim irsi eyni köklərdən qidalanır. Burada sərgilənən hər bir naxış və toxuma əsrlər boyu qorunan ortaq tarixi yaddaşımızın sübutudur. Bu geyimlərin Prezidentə və Birinci vitse-prezidentə hədiyyə edilməsi mədəni bağlarımızı daha da gücləndirən mühüm addımdır”.
Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi isə Kərkük və Azərbaycan arasında mədəni əlaqələrdən bəhs edib:
“Kərkük ilə Bakı arasında qurduğumuz mədəni körpü hər zaman xalqlarımızı birləşdirməyə xidmət edib. Bayatılarımız, dilimiz və geyim ənənələrimiz bir və eynidir. İraq türkmanlarının milli dəyərlərini Bakıda ölkə rəhbərliyinə hədiyyə kimi təqdim etmək bizim üçün böyük şərəfdir”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev türk mədəni irsinin təbliğinin vacibliyini vurğulayıb:
“İraq türkmənlərinin tarixi və mədəni irsi Avrasiya regionunun ayrılmaz hissəsidir. Bu cür təşəbbüslər xalqlarımız arasında mədəni inteqrasiyanı dərinləşdirir və ortaq dəyərlərimizin tanıdılmasına xidmət edir”.
Kulturoloq professor Fuad Məmmədov isə sərgilənən eksponatların mədəni əhəmiyyətinə diqqət çəkib:
“Milli geyimlər bir xalqın mentalitetini və tarixi yaddaşını əks etdirən mədəni kodlardır. İraq türkmanlarına aid geyim irsinin Bakıda nümayişi türk dünyasının mədəni inteqrasiyasına və Azərbaycanla Kərkük arasında dostluğa dəyərli töhfədir”.
Aşıq Ələsgər Ocağının sədri Xətai Ələsgərli Kərkük Mədəniyyət Dərnəyi ilə Aşıq Ələsgər Ocağı arasındakı əlaqələrdən danışıb və əməkdaşlıq protokolunun imzalandığını bildirib.
Tədbirin sonunda Xalq artisti Elza Seyidcahan Zəfər Bayramı münasibətilə “Şuşa” mahnısını ifa edib və tamaşaçıların böyük alqışını qazanıb. İştirakçılar sərgilənən geyimləri yaxından incələyib və xatirə fotoları çəkdiriblər.























