Xəbər axtarın

Son axtarış nəticələri:

İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub - FOTO - VİDEO

05.11.2026 11:14

İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub - FOTO - VİDEO

Türkiyənin İğdır şəhərinin Mədəniyyət Mərkəzində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Primeinfo.az xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Diasporla İş üzrə Dövlət Komitəsi, İğdır vilayətinin valiliyi və İğdırdakı Azərbaycan Evi olub.

Bayram tədbirində İğdır valisi Mustafa Fırat Taşolar və xanımı Didem Taşolar da iştirak ediblər.

Tədbir iştirakçıları Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov torpaqlarımızın işğaldan azad edilməsinin tarixi əhəmiyyətini vurğulayıb: “Bu gün Zəfər Gününün altıncı ildönümünü qürurla qeyd edirik. İğdırda keçirilən bu təntənəli tədbir Azərbaycan və Türkiyə qardaşlığının ən bariz nümunələrindən biridir”.

İğdırdakı Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar isə Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbəni “bütün Türk dünyası tarixində mühüm mərhələ” adlandırıb.

“Qarabağ Azərbaycandır! Əminəm ki, ölkələrimizin qardaşlığı əsrlər boyu yaşayacaq”, – deyə o qeyd edib.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin çıxışı ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin “Xarıbülbül” mövzusunda əl işlərindən ibarət sərginin açılışı olub.

İğdır şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş də keçirilib.

İğdır Valiliyinin və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə təşəbbüsü ilə təşkil olunan yürüşə minlərlə insan qatılıb.

Heydər Əliyev Parkının qarşısında başlayan yürüş Vali Yolu küçəsinin sonunda başa çatıb.

Təxminən beş kilometr məsafə qət edən iştirakçılar “Bir millət, iki dövlət” şüarı ilə hər iki ölkənin dövlət bayraqlarını dalğalandıraraq sarsılmaz həmrəylik nümayiş etdiriblər.

 

Paylaş: