Xəbər axtarın

Son axtarış nəticələri:

Maaş və pensiyalar artırılacaq – Nazirdən MÜHÜM açıqlama

05.11.2026 12:26

Maaş və pensiyalar artırılacaq – Nazirdən MÜHÜM açıqlama
“Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər gələn il də davam etdiriləcək”.

Primeinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.

Nazirin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, əməkhaqlarının və sosial ödənişlərin artırılmasını nəzərdə tutan 6-cı sosial islahat paketi üçün 2027-ci ilin dövlət və icmal büdcələrində müvafiq maliyyə təminatı yaradılıb:

“Son 8 ildə 4 milyon vətəndaşı əhatə edən 5 böyük sosial islahat paketi həyata keçirilib. Bu tədbirlərin illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib. Cari dövrdə orta aylıq pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq 596 manata, yaşa görə pensiyanın orta məbləği 10 faiz artaraq 634 manata çatıb. Orta aylıq əməkhaqqı 7,2 faiz artaraq 1173 manat olub. Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 8,4 faiz artaraq 1,9 milyard manat təşkil edib.

Əmək pensiyalarının orta məbləğinin orta aylıq əməkhaqqına nisbəti 50,8 faiz, yaşa görə pensiyanın orta məbləğinin həmin göstəriciyə nisbəti isə 54 faiz olub.

2027-ci ildə də dövlət və icmal büdcələr sosialyönümlü xarakter daşıyacaq. Gələn ilin dövlət büdcəsində sosial xərclərin 222,7 milyon manat və ya 1,7 faiz artırılaraq 13 milyard manata çatdırılması nəzərdə tutulur. Sosialyönümlü xərclərin isə 1,6 milyard manat və ya 9,2 faiz artaraq 18,7 milyard manat olacağı proqnozlaşdırılır.

Beləliklə, sosialyönümlü xərclərin dövlət büdcəsindəki payının 44,2 faizə, ÜDM-dəki payının isə 13,3 faizə yüksələcəyi gözlənilir. Sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 914 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq metodologiya əsasında apardığı hesablamalara əsasən, 2027-ci ilin icmal büdcəsində sosial xərclərin 20,5 milyard manat, ÜDM-dəki payının isə 14,5 faiz olacağı gözlənilir”.

Paylaş: