
2026-cı il noyabrın 8-də Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən altı il ötür. 2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi, Ermənistanın uzun illər ərzində qurduğu müdafiə xətlərini yararaq hərbi əməliyyatların gedişində mühüm uğurlar qazandı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən əsas hadisələrdən biri oldu.Bu Qələbə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, onilliklər ərzində doğma yurdlarından didərgin düşmüş yüz minlərlə insanın qayıdış ümidini də gerçəkləşdirmək üçün zəmin yaratdı.
Primeinfo.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, uzun illər davam edən işğala son qoyulması istiqamətində hərbi əməliyyatların yeni mərhələsi başlandı.
Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində müxtəlif istiqamətlərdə uğurlu əməliyyatlar həyata keçirərək düşmənin müdafiə mövqelərini yarıb irəlilədi. Müharibənin ilk günlərindən etibarən Füzuli, Cəbrayıl istiqamətlərində ciddi hərbi uğurlar əldə edildi. Sentyabrın 27-də bir sıra yaşayış məntəqələrinin azad edilməsi ilə başlayan əməliyyatlar sonrakı günlərdə daha geniş əraziləri əhatə etdi.
Oktyabrın 4-də Cəbrayıl şəhərinin, oktyabrın 17-də Füzuli şəhərinin, oktyabrın 20-də Zəngilan şəhərinin, oktyabrın 25-də isə Qubadlı şəhərinin azad edilməsi müharibənin mühüm mərhələləri oldu. Hərbi əməliyyatlar zamanı Hadrut qəsəbəsi və çoxsaylı kəndlər, strateji yüksəkliklər də Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Müharibənin gedişində Azərbaycanın hərbi üstünlüyü, xüsusilə müasir silah sistemlərindən, pilotsuz uçuş aparatlarından və dəqiq zərbə vasitələrindən istifadə imkanları özünü göstərdi. Uzun illər ərzində qurulmuş müdafiə istehkamlarının yarılması Ermənistan ordusunun müqavimət imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdi. Azərbaycan Ordusunun irəliləyişi noyabrın ilk günlərində də davam etdi. Müharibənin ən mürəkkəb əməliyyatlarından biri isə Şuşa uğrunda döyüşlər oldu. Qarabağın tarixi və mədəniyyət mərkəzi olan Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm hadisəsi kimi tarixə düşdü.
Şuşanın coğrafi mövqeyi, dağlıq relyefi və strateji əhəmiyyəti şəhərin hərbi baxımdan ələ keçirilməsini olduqca çətinləşdirirdi. Azərbaycan hərbçiləri mürəkkəb relyef şəraitində, ağır döyüşlər nəticəsində şəhərə daxil olaraq onu düşmən qüvvələrindən təmizlədilər.
2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın azad olunduğunu elan etdi. Dövlət başçısının həmin gün səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri ölkə tarixinin yadda qalan anlarından birinə çevrildi.
Şuşanın azad edilməsi hərbi əməliyyatların gedişinə həlledici təsir göstərdi. Bundan iki gün sonra – noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən, Ağdam noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarıldı.
Beləliklə, 44 günlük müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi və çoxsaylı digər yaşayış məntəqələri azad edildi. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin icrası istiqamətində mühüm nəticə əldə olundu, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün əsas mərhələ tamamlandı.
Noyabrın 8-i isə 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanda Zəfər Günü elan edildi.
Bu Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, ölkənin bütün ərazilərində suverenliyin tam təmin olunması prosesi 2023-cü ildə başa çatdı.
Həmin il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 20-də tədbirlər dayandırıldı və Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olundu.