
“Azərbaycan Hava Yolları” aviabiletlərin qiymətini kəskin qaldırıb. Bu da yay tətili üçün xarici ölkələrə əvvəlcədən tur alanlara ciddi problem yaradıb. Çünki bahalaşma təkcə yeni biletlərə deyil, həm də indiyədək satılan biletlərə şamil edilir.
Primeinfo.az-a turizm şirkətlərindən verilən məlumata görə, AZAL bilet qiymətlərini qaldırdığı üçün turpaket sahiblərindən adambaşı 65 dollar əlavə pul tələb olunur. Bu isə ailəvi turpaket alan insanlar üçün kifayət qədər yüksək məbləğdir.
“Buna görə də ya biletlərin qiymətini artırmalıyıq, ya da yay turlarını cəriməsiz ləğv etməliyik”, – deyə turizm şirkətinin nümayəndəsi vurğulayıb.

Şirkətdən onu da bildiriblər ki, bahalaşma artıq bir neçə istiqamətdə hiss edilməkdədir. Bakıdan Tiflisə gediş-gəliş bileti 1000, İstanbula isə 800 manata yaxınlaşıb. Bundan başqa, AZAL-ın bilet satışı sistemində də dəyişiklik edilib. Əldə edilən bilgiyə görə, kassalar xarici şirkətlərə icarəyə verilib. Bu, AZAL-ın fəaliyyətində bir ilkdir. Turizmçilər baş verənləri həm turizmə, həm də istehlakçı hüquqlarına zidd addım sayırlar.
Məlumata görə, hazırda 30-a yaxın turizm şirkətinin rəhbəri Bakıda bir araya gələrək, “Summer Tour Azerbaijan”ın qəbul etdiyi əlavə 65 dollar yanacaq haqqı ilə bağlı qərarı müzakirə edir.
Bahalaşma “Pegasus” hava yollarında da müşahidə edilir. “Pegas Touristik Azerbaijan” tərəfdaş agentliklərə göndərdiyi bildirişdə aviabiletlərlə bağlı yeni qiymət dəyişikliklərini açıqlayıb. Turizmplus.az şirkətə istinadən xəbər verir ki, beynəlxalq bazarlarda müşahidə olunan iqtisadi dəyişikliklər, xüsusilə yanacaq xərclərinin artması və təchizat zəncirində yaranan çətinliklər səbəbindən aviaşirkətlər tərəfindən tarif siyasətinə yenidən baxılıb.

Bildirilib ki, beynəlxalq bazarlarda müşahidə olunan iqtisadi dəyişikliklər, xüsusilə yanacaq xərclərinin artması və təchizat zəncirində yaranan çətinliklər səbəbindən aviaşirkətlər tərəfindən tarif siyasətinə yenidən baxılıb. Qeyd edilib ki, bu ilin 28 aprelinədək təsdiqlənmiş və uçuş tarixləri 15 iyundan sonrakı dövrü əhatə edən bütün rezervasiyalar üzrə hər sərnişin üçün 60 ABŞ dolları məbləğində yanacaq əlavəsi tətbiq olunacaq.
Eyni zamanda, 28 aprel 2026-cı il tarixindən etibarən yaradılmış və uçuşları 15 iyun 2026-cı il və sonrasına planlaşdırılan rezervasiyalarda bu əlavə artıq aviabiletin ümumi qiymətinə daxil edilib.
Şirkət qeyd edib ki, mövcud müqavilə şərtlərinə əsasən, aviaşirkətlər tərəfindən aviabilet qiymətlərində edilən dəyişikliklər (yanacaq və digər rüsumlarla bağlı artımlar daxil olmaqla) agentliklərə təqdim olunur və yeni qiymətlərin tətbiqi həmin məlumatlar əsasında həyata keçirilir.
Bununla yanaşı vurğulanıb ki, əlavə ödənişlə razılaşmayan sərnişinlər üçün rezervasiyanın cəriməsiz ləğvi və tam geri ödəniş imkanı mövcuddur.

Turizm ekspertlərinin fikrincə, aviakampaniyaların bu ani qərarı həm erkən rezervasiya ilə xaricdə dincəlmək istəyənlərin, həm də turizm şirkətlərinin büdcəsinə ciddi zərər vuracaq.