Xəbər axtarın

Son axtarış nəticələri:

AMİP nümayəndələri beynəlxalq forumda iştirak ediblər - FOTO

04.05.2026 15:07

AMİP nümayəndələri beynəlxalq forumda iştirak ediblər - FOTO

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev aprelin 29-dan mayın 2-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Beynəlxalq Demokrat İttifaqının (İDU) “İDU Forum-2026, Zaqreb” adı altında təşkil etdiyi beynəlxalq tədbirdə və İDU-nun İcraçı toplantısında iştirak ediblər.

Primeinfo.az xəbər verir ki, forumda İDU üzvü olan sağ mərkəz yönümlü partiyaların rəhbərləri, həmin partiyaları təmsil edən bir sıra sabiq dövlət və hökumət başçıları, müxtəlif analitik beyin mərkəzlərinin nümayəndələri, siyasi ekspertlər, diplomatlar, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edib.

Xorvatiya Respublikasının Baş naziri Andrej Plenkoviç, Xorvatiya Parlamentinin spikeri Qordan Yandrokoviç və İDU-nun prezidenti, Kanadanın 22-ci Baş naziri Stiven Harperin açılış nitqləri ilə işinə başlayan və iki gün davam edən forumda, həmçinin müxtəlif mövzulara həsr olunmuş panellərdə mövcud münaqişələr fonunda dəyişən dünya, hazırkı transatlantik münasibətlər, Avropanın gələcəyini müəyyən edən faktorlar, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr və digər aktual məsələlər müzakirə olunub.

Eyni zamanda panel müzakirələrində Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman, Avropa İttifaqı komissarları, Böyük Britaniya parlamentinin üzvləri, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş naziri Yuliya Timoşenko, Xorvatiyanın 2015–2020-ci illərdə prezidenti olmuş Kolinda Qrabar-Kitaroviç, Albaniyanın sabiq prezidenti Sali Berişa fəal iştirak ediblər.

Forumdan sonrakı gün Beynəlxalq Demokrat İttifaqının (İDU) növbəti İcraçı Toplantısı keçirilib. İDU-nun və təşkilata üzv partiya rəhbərlərinin iştirak etdiyi toplantıda təşkilatdaxili məsələlər müzakirə olunub, dünyada baş verən hadisələrə münasibət bildirilib və müvafiq qətnamələr qəbul edilib.

Beynəlxalq Demokrat İttifaqı (International Democrat Union) 80-dən çox ölkənin 100-dən artıq sağ mərkəz yönümlü partiyalarını öz ətrafında birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır və AMİP 1999-cu ildən bu təşkilatın tamhüquqlu üzvüdür.

Paylaş: