
AZAL-ın qiymətləri o qədər bahadır, adam metropoliten rəisinə məsləhət də verə bilmir ki, bir məhəlləsi Bakı boyda olan meqapolislərə get, bir bax metro nədir, nə cür işləyir, kim minir, necə minir, pik saatlarda nələr olur?
Metronun əsas funksiyası işləyənləri, oxuyanları daşımaqdır. Dünyanın hər yerində. Pik saat ifadəsi də burdan yaranıb. Siz bilirsiz e, rəis üçün yazıram… Özkeçmişini incələdim, adam Eyfelin dibində doğulub-yaşayıb, piyada Sarbona dərsə gedib, uzağı “Düpleks” metrosunun yanından keçib, o da yerin üstü ilə gedir.., harda görüb?
Hə… Demək, bu yerin altındakı qatarlar şəhərlərin əsasən kənarlarında yaşayan işçiləri, tələbələri daşıyır mərkəzə – çünki, iş yerlərinin çoxu, universitetlər mərkəzlərdə olur. Axşamlar da tərsinə…
Metronun şəhər kənarında yaşayanların mərkəzə gəlişinin qarşısını almaq kimi funksiyası olmur. Bunu dilə gətirəni ağlı başında toplumlar narsist adlandırar.
Metroda sərnişinlərə müraciət də idarəetmənin vətəndaşa münasibətinin əsas göstəricilərindəndir. Məsələn, Kiyevin “İçərişəhər” stansiyasına – “Maydan nezalejnosti“yə yaxınlaşanda sərnişinlər “şanovnş pasajiri” ilə başlayan mətn eşidirlər. Tərcüməsi belədir – “hörmətli sərnişinlər, növbəti stansiya Maydan Nezalejnostidir. Minib düşərkən bir-birinizə yol verməyinizi xahiş edirik”. “Verin” yox a, “verməyinizi xahiş edirik”.
İstanbulun mətni ondan da yaxşıdır: “Gələcək istasyon Veznecilər. Minib düşərkən yaşlılara, uşaqlı sərnişinlərə, əngəllilərə öncəlik tanıdığınız üçün sizə təşəkkür edirik”. Sərnişin belə “kodlanır” – sən mədənisən, ədəblisən.., buna görə sağ ol.
Yoxsa, “kənarda stansiya tiksək, orada yaşayanlar durub mərkəzə gəlmək istəyər”… Yox bir, “”Nərimanov” stansiyasına tor çəkək, bəlli saatlarda tora elektrik buraxaq”…
Məmurlar əsas vəzifələrinin vətəndaşın yaşamını asanlaşdırmaq olduğunu nə zaman anlayacaqlar?
Aygün Muradxanlı, baş redaktor