Xəbər axtarın

Son axtarış nəticələri:

Neftçalada Xəzərə nərə cinsli balıq körpələri buraxıldı - FOTO

22.05.2026 22:30

Neftçalada Xəzərə nərə cinsli balıq körpələri buraxıldı - FOTO

Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada nərə cinsindən olan balıq körpələrinin təbii su hövzələrinə buraxılması aksiyası keçirilib.

Primeinfo.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, su bioresurslarının qorunması, balıq ehtiyatlarının bərpası, qeyri-qanuni ovçuluğun qarşısının alınması və akvakulturanın ekoloji baxımdan davamlı şəkildə inkişaf etdirilməsi biomüxtəlifliyin mühafizəsinin əsas istiqamətlərindəndir. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqəti nəticəsində balıqçılıq və akvakultura üzrə dövlət siyasəti ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Ölkəmizdə biomüxtəlifliyin mühafizəsi sahəsində beynəlxalq öhdəliklərə uyğun olaraq ardıcıl tədbirlər görülür. Müasir infrastrukturun yaradılması, beynəlxalq təcrübənin tətbiqi və sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi bu siyasətin əsas prioritetləri sırasında yer alır.

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Xəzər dənizi və onun ekosisteminin unikal təbii sistem hesab olunduğunu diqqətə çatdırıb. Nərə balığı və Xəzər qızılbalığının nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər olduğunu deyən Ceyhun Əliyev biomüxtəlifliyin qorunmasını mühüm məsuliyyət adlandırıb, nadir növlərin qorunması istiqamətində tədbirlərin davamlı olacağını vurğulayıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ölkəmizdə biomüxtəfliyin qorunması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. Nazir müavini bildirib ki, 2025-ci ildə Azərbaycanda Axar-Baxar və İlisu Milli Parkları yaradılmaqla Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 913 min hektara qədər artırılıb. Hazırda xüsusi mühafizə olunan təbiət ərazilərimiz 12 milli park, 9 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığının tərkibində idarə və mühafizə olunur. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,5%-ni təşkil edir. 2030-cu ilə kimi bu göstəricinin 12%-ə kimi artırılması hədəflənir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev bu növ ekoloji aksiyaların əhəmiyyətindən bəhs edərək, Xəzərin su bioresurslarının bərpası və dayanıqlı idarə olunması istiqamətində birgə layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi polis polkovnik-leytenantı Röyal Hümbətov, Neftçala Xətt Polis Məntəqəsinin rəisi polis kapitanı Samir Səlimov və polis kapitanı Anar Alməmmədov da iştirak edib. R.Hümbətov su polisinin biomüxtəlifliyin qorunması, qanunsuz balıq ovuna qarşı keçirilmiş tədbirlər barədə məlumat verib.

Tədbirdə iştirakçılara bioloji müxtəlifliyin qorunması, nərə növlərinin ekosistemlərdə rolu və su bioresurslarının davamlı idarə olunması ilə bağlı ətraflı məlumat verilib. Çıxışlarda regionda ekoloji tarazlığın qorunması üçün dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin rolu xüsusi qeyd olunub. Bildirilib ki, bu aksiya ölkədə su bioresurslarının bərpası və bioloji müxtəlifliyin qorunması istiqamətində görülən işlərin vacib tərkib hissəsidir. Tədbir həm ekoloji maarifləndirmə, həm də Xəzər regionunda nadir balıq növlərinin populyasiyasının dəstəklənməsi baxımından vacibdir. Bu aksiya cari ilin ilk kütləvi balıq körpələrinin buraxılışı kimi xüsusi əhəmiyyət kəsb edir və regionda su bioresurslarının bərpasına yönəlmiş ekoloji fəaliyyətlərin davamıdır.

Aksiya çərçivəsində çəkisi 300-500 qram arasında olan 2 min ədəd balıq körpəsi Xəzər dənizinə buraxılıb. Qeyd edək ki, mövsüm ərzində ümumilikdə 500 mindən çox nərə balığının və 50 mindən artıq Xəzər qızılbalığının təbii su hövzələrinə buraxılması planlaşdırılır.

Paylaş: