Xəbər axtarın

Son axtarış nəticələri:

Uşaqpulu verilsə, sərhəd açılsa nə olar

30.05.2026 14:44

Uşaqpulu verilsə, sərhəd açılsa nə olar

Uşaqpulu və quru sərhədlərinin açılması Azərbaycan kəndlərini yenidən canlandıra, demoqrafik prosesə təkan verə bilər.

İllərdir kəndlərimiz sürətlə boşalır. Gücü çatan ölkədən gedir, çatmayan Bakıya, “ən pis” halda rayon mərkəzinə köçür. Azərbaycan kəndi elə bir günə salınıb ki, insanlar köçə qurtuluş kimi baxırlar. Şəraitsizlik, yerli məmurların özbaşınalığı, məsuliyyətsizliyi… Hər birimizin bildiyi, bir çoxlarının yaşadığı hekayələr…

Köç Azərbaycanın sosial-iqtisadi həyatının demək olar bütün sahələri üçün çox ciddi problemlər yaradır. Bölgələrin potensialından istifadə olunmur, kənd təsərrüfatı ənənələrimiz itir, işsizlik artır, büdcəyə vergi azalır, mənşəyi bilinməyən gəlmə məhsullar ərzaq təhlükəsizliyimizi təhdid edir, şəhərlər sıxlıqdan “partlayır”, yeni mühitə alışmanın yaratdığı irili-xırdalı sosial, psixoloji gərginliklər həm ailə, həm bütünlükdə ictimai münasibətlər üçün arzuolunmaz nəticələr yaradır.

Axır illərin statistikaları heç ürəkaçan deyil. Ölkədən ciddi beyin axını var – oxumağa gedənlər qayıtmırlar, təhsilli insanlar daha yaxşı şərtlərlə xaricdə iş tapır, əhali artımı demək olar baş vermir (abortlar sayı pikdədir), kənd əhalisinin sayı azalır, şəhər infrastrukturu ölkənin ağırlığı altında çökür.

Bölgələrimizdə “həyatın sönməsi”nə səbəb olan məsələlərdən biri də quru sərhədlərimizin bağlı olmasıdır. Dünyanın bütün ölkələrində sərhəd ticarəti yerli əhalinin, bütünlükdə region iqtisadiyyatının gəlir qaynaqlarından biridir. Ticarət varsa, həyat var. Bu bir nəfəslikdir. Azərbaycan sərhəd mühafizəsi, sərhəd-gömrük sisteminin qurulması üçün milyonlarla vəsait xərcləyib. Sərhəd ticarəti qaçaqmalçılıq deyil, leqal ticarətdir. Kvota qoy, nəzarət et, alan alsın, satan satsın, əhali, ölkə yaşasın.

Bu gün suyu qurumuş dəyirmana çevrilən quru sərhədlər sərhəd kəndlərimizi də qurudub. Hansı alternativləri var sərhəd kəndində yaşayanın? Bağ-bağatlı həyət-bacasına qıfıl vurub Abşeronun neft buruqlarının “qapaz”ı dəyən 50 kv/m-lik evlərdə sürünməkdən başqa?

Şükür Allaha Qarabağ yavaş-yavaş məskunlaşdırılır. Amma hər kəs bilir ki, orada əhalinin ciddi işsizlik problemi var. Pensionerləri Qarabağa köçürməklə iş olmaz. Gənc əhalini – qurub-yaratmaq eşqi, Qarabağı cənnətə çevirmək dirənişi olanları ora köçürmək lazımdır. Gedənlər işsizlikdən məcbur olub dönəcək yoxsa. Kəndliyə torpaq, uşaqpulu, kredit verməklə həyat Qarabağda da canlanmazmı?

Urbanizasiya, demoqrafiya problemlərini çözməyin yolları çoxdan kəşf edilib. Əhaliyə yerli şəraitə uyğun stimul yaradılır, gərginlik zamanla aradan qalxır. Bu qədər… Nə ali riyaziyyat düsturları qurmağa, nə fəza həndəsəsinə müraciət eməyə gərək var. Azərbaycan quru sərhədləri açsa, uşaqpulu verilməsinə öncə kənd əhalisindən başlasa, yerli məmurlar üzərində ictimai nəzarət gücləndirilsə qısa zaman sonra biz müsbət sonucları görəcəyik. Həyatımızda da, ictimai münasibətlərdə də, büdcəmizdə də.

Qlobal böhran, regional gərginlik haqqında tərs arqumentlərdən doyduq… Onlar məgər bir tək Azərbaycan üçün var? Azərbaycan öz yolunu, hədəflərini müəyyən edib – biz yeni dünya düzənində qlobal prosesin region fraqmentinin aparıcı ölkəsi olmağa iddialıyıq. İddialarımıza doğru addım atmaq zamanını boşa xərcləməyək.

Aygün Muradxanlı, baş redaktor

Paylaş: