
“Qənaət üçün kiçik bir tövsiyəmiz. Almaq istədiyiniz məhsul təcili ehtiyac deyilsə, onu dərhal almayın. Özünüzə 3 gün vaxt verin”.
Primeinfo.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, davranış iqtisadiyyatı göstərir ki, insanların alış qərarlarının böyük hissəsi rasional hesablamadan deyil, ani emosiyalardan, reklamların təsirindən, endirim hissindən və “indi almasam, əldən çıxacaq” psixologiyasından qaynaqlanır.

“Əgər üç gün sonra da həmin məhsulu almaq istəyirsinizsə, böyük ehtimalla bu, emosional impuls yox, real tələbatdır. Yox, əgər bu istək zəifləyibsə, deməli, siz məhsula yox, keçici hissə pul xərcləmək üzrə idiniz. Əlqərəz, qənaət daha ucuz məhsul almaq yox, lazımsız xərclərdən imtina etmək bacarığıdır. Buna görə də almadığınız üçün cibinizdə qalan pul əldə etdiyiniz qazancdır”, – deyə E.Əmirov bildirib.