
Rusiyanın Yaroslavl vilayətinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilən intensiv hücum nəticəsində sənaye obyektində yerləşən mühüm yanacaq anbarlarında güclü yanğın baş verib.
Primeinfo.az xəbər verir ki, Rusiya kütləvi informasiya vasitələrinin vilayət qubernatoru Mixail Yevrayevə istinadən yaydığı məlumata görə, əraziyə dərhal xüsusi xidmət orqanları və yanğınsöndürmə briqadaları cəlb olunub, hazırda alovun söndürülməsi istiqamətdə işlər davam etdirilir. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Kütləvi PUA təhlükəsi elan edildiyi anlarda Yaroslavldan çıxışda, Moskva istiqamətindəki mühüm M-8 federal magistral yolunun bir hissəsi təhlükəsizlik məqsədilə hərəkət üçün tamamilə qapadılıb. Son gələn məlumatlara görə, hazırda yoldakı məhdudiyyətlər artıq aradan qaldırılıb.
Qeyd edək ki, iyunun 14-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə regionları üzərində rekord sayda – ümumilikdə 249 Ukrayna PUA-sını məhv etdiyini açıqlayıb. Hücumun miqyası və yaratdığı təhlükə səbəbindən Nijni Novqorod, Yaroslavl, Kaluqa, Tambov və Kostroma şəhərlərindəki beynəlxalq və yerli aeroportlar öz fəaliyyətlərini müvəqqəti olaraq tam dayandırmaq məcburiyyətində qalıblar.