
Qlobal bazarda qızılın qiyməti 4000 ABŞ dolları həddindən aşağı enib.
Primeinfo.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti hazırda 3986 ABŞ dolları səviyyəsində ticarət olunur.
Qiymətli metal cari ilin ikinci rübündə 14 faiz ucuzlaşıb. Bu, qızıl üçün 2013-cü ildən bəri qeydə alınan ən zəif rüblük nəticə hesab olunur.
Ekspertlər qiymət enişini Yaxın Şərqdə davam edən geosiyasi gərginlik, eləcə də ABŞ-də inflyasiyanın cilovlanması məqsədilə Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artıracağına dair gözləntilərlə əlaqələndirirlər.
“J.P. Morgan” bankının analitiklərinin qiymətləndirməsinə görə, əsas sektorlardan qızıla tələbat əvvəlki proqnozlarda nəzərdə tutulduğu qədər yüksək olmayacaq. Bank 2026-cı ilin üçüncü rübündə qızılın bir unsiyasının qiymətinin orta hesabla 4300 ABŞ dolları, dördüncü rübdə isə 4500 ABŞ dolları olacağını proqnozlaşdırır.
Bununla yanaşı, analitiklər hesab edirlər ki, mərkəzi bankların qızıl alışları və fiziki tələbat 2027-ci ildə də qiymətlərə dəstək verən əsas amillərdən biri olaraq qalacaq.
Qızıl ənənəvi olaraq inflyasiyadan qorunma vasitəsi kimi qiymətləndirilsə də, yüksək faiz dərəcələri şəraitində gəlir gətirməyən aktiv olduğundan investorlar üçün cəlbediciliyini qismən itirir.