
Rusiyada “Teleqram”ın qurucusu Pavel Durov beynəlxalq axtarışa verilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumat yayıb.
Durova qarşı Rusiya Cinayət Məcəlləsinin “terror fəaliyyətinə yardım etmə” maddəsi ilə cinayət işi çərçivəsində ittiham irəli sürülüb.
FSB iddia edir ki, Ukrayna xüsusi xidmət orqanları “Teleqram”da fəaliyyət göstərən “Dayvinçik/Leo – tanışlıq, ünsiyyət və yeni dostlar” adlı çat-botdan istifadə edərək gənc rusiyalıları diversiya və terror fəaliyyətinə cəlb ediblər.
Qurumun məlumatına görə, 2025-ci ilin iyul ayından etibarən Moskva, Sankt-Peterburq və digər şəhərlərdə yaşı 12-dən 22-yə qədər olan 46 Rusiya vətəndaşı saxlanılıb. İddiaya əsasən, onlar həmin çat-bot vasitəsilə Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alınıb və hüquq-mühafizə orqanlarına hücumlar, nəqliyyat və rabitə obyektlərinin yandırılması kimi diversiya əməlləri törədiblər.
Cinayət məsuliyyəti yaşına çatan şəxslərə artıq ittiham irəli sürülüb və onları uzunmüddətli həbs cəzası gözləyir.
“Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları sosial şəbəkələrdə özlərini qız kimi təqdim edərək gənclərlə tanış olub, onlardan kinoya bilet və ya hədiyyə almaq üçün fişinq keçidləri vasitəsilə ödəniş etmələrini istəyiblər. Daha sonra isə həmin vəsaitin guya Ukrayna Silahlı Qüvvələrinin hesabına köçürüldüyünü bildirərək onları şantaj edib, hücumlar və yanğınlar törətməyə sövq ediblər”, – deyə FSB qeyd edib.
Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsinə əsasən, Pavel Durovu 8 ildən 15 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.