
Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən və 20 gün öncə həbs edilən “Arzum” ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
Primeinfo.az-ın məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.
Qərara əsasən, vəkillərin İlduzə Hacıyevanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin olunub. Həmçinin apellyasiya şikayəti məhkəmə baxışına verilib. Şikayətə məhkəmə istintaqı aparılmaqla baxılması qərara alınıb.
“Qafqazinfo”nun məlumatına görə, məhkəmə “Arzum”un 4 övladı olmasını, onlardan birinin ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla o, ev dustaqlığına buraxılıb.
“Arzum”a ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.
Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərara alınıb. Yəni ki, vəkillər yenidən sübutlarını təqdim edəcək, yeni araşdırma olacaq.
Xatırladaq ki, “Arzum” Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.
Hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib. İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.