
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski 78 yaşında vəfat edib.
Primeinfo.az txəbər verir ki, o, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi.
Qeyd edək ki, Aleksandr Şarovski bu ilin iyul ayında səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub. Həkimlərin nəzarəti altında onun müalicəsi davam etdirilib.
Xatırladaq ki, A.Şarovski 1948-ci il fevralın 10-da Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.
1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən taleyini 50 il ərzində çalışdığı S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına bağlayıb. Bu səhnədə aktyor kimi Rezo (“Premyera”, L.Roseb), Eldar (“Qum üzərində ev”, R.İbrahimbəyov), Şeyx Sənan (“Şeyx Sənan”, H.Cavid), Fərhad (“Fərhad və Şirin”, S.Vurğun), Henrix (“Kral Lir”, V.Şekspir), Mehmandarov (“Neft bumu”, M.İbrahimbəyov) kimi ümumilikdə 50-dən çox obraz yaradıb.
A.Şarovski 1978–1990-cı illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rejissor assistenti, 1991-ci ildən quruluşçu rejissor, 1993-cü ildən 2026-cı ilədək baş rejissor kimi fəaliyyət göstərib. Bu illər ərzində 50-dən artıq tamaşaya quruluş verib.
Sənətkar eyni zamanda “Yarımçıq qalmış mahnı” (1979), “Anın quruluşu” (1980) “Qorxma, mən səninləyəm” (1981) və “Lətifə” (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
A.Şarovski Azərbaycanın “Əməkdar artist”i (1987), “Xalq artisti” (1998) fəxri adlarına, “Şöhrət” (2008), “Şərəf” (2018) ordenlərinə, “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib.
Allah rəhmət eləsin!