
Tanınmış iqtisadçı Qubad İbadoğlu Azərbaycanı tərk edərək, Almaniyaya gedib.
Primeinfo.az xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova məlumat verib. Bildirib ki, atası müayinə və müalicə üçün Almaniyaya uçub.
Qubad İbadoğlu “Azadlıq” qəzetinə açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, səhhətinə görə xaricə çıxışına qadağa götürülüb: “Müayinələr, müalicə və zərurət yaranarsa ürəyimdə açıq tibbi əməliyyat üçün Almaniya gəldim”.
Bununla da onun ölkədən çıxışına qoyulan qadağanın götürüldüyü məlum olub.
Qeyd edək ki, Qubad İbadoğlu 2023-cü ilin iyul ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), 167-3.1-ci (dini ekstremizmyönlü materialların saxlanması və ya yayılması) maddələrilə ittiham irəli sürülüb.
2024-cü il aprelin 22-də məhkəmə Qubad İbadoğlu barəsində qətimkan tədbirini dəyişərək ev dustaqlığına buraxılmasına qərar verib. Məhkəmə onun ölkədən çıxışına qadağa qoymuşdu.