
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Şükür Həmidovun ailə üzvləri onun məzarını ziyarət ediblər.
Primeinfo.az xəbər verir ki,qəhrəman hərbçinin məzarı Hərbi Memorial Məzarlıqda yerləşir.
Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Hərbçi olmaq arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Hərbi Akademiyada da ixtisasını artırıb.
2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatında xüsusi şücaət göstərib. Həmin döyüşlərdəki qəhrəmanlığına görə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
44 günlük Vətən müharibəsi başlayanda Şükür Həmidov 2-ci Ordu Korpusunun komandir müavini vəzifəsində xidmət edirdi. Cəbrayıl, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib.
2020-ci il oktyabrın 22-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində, ön xəttdə qəhrəmancasına şəhid olub. Onun cənazəsi oktyabrın 23-də torpağa tapşırılıb.

