
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Ər-Riyaddakı inzibati binası hava hücumuna məruz qalıb.
Primeinfo.az xəbər verir ki,bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, zərərsizləşdirilən hava hədəfinin qalıqlarının düşməsi nəticəsində obyektə cüzi ziyan dəyib. Hadisə zamanı xəsarət alan və ya həlak olan yoxdur. Müvafiq xidmətlər insidentin nəticələrinin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görüblər.
Bundan əvvəl krallığın rəhbərlik etdiyi Ərəb koalisiyası Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən Ər-Riyad səmasına buraxılan pilotsuz uçuş aparatlarının (PUA) vurulduğunu bəyan edib.
“Reuters” agentliyi şahidlərin verdiyi məlumatlara istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtında bir neçə güclü partlayış səsi eşidilib, ardından krallığın fövqəladə hallar xidmətləri hava təhlükəsi rejimi elan edib.
Hadisədən dərhal sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi təkcə paytaxt zonasında deyil, həm də cənub sərhədində yerləşən Nəcran bölgəsində hava hücumu riski ilə bağlı rəsmi təcili xəbərdarlıq yayıb.