
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci günü işinə başlayıb.
Primeinfo.az xəbər verir ki, WUF13 çərçivəsində Assambleyaların birgə bağlanış sessiyası keçirilir.
Sessiyanın məqsədi forum boyunca aparılan müzakirələri ümumi nəticəyə çevirmək və gələcək fəaliyyət üçün əsas prioritetləri müəyyən etməkdir.
İclas zamanı hər assambleyanın nümayəndələri əsas mesajlarını, təkliflərini və təşəbbüslərini təqdim edəcəklər. Daha sonra bu fikirlər ümumiləşdirilərək ortaq prioritetlər və ümumi məqsədlər müəyyən olunacaq.
Sessiyada Yeni Şəhər Gündəliyi və Bakı Fəaliyyətə Çağırışı kimi beynəlxalq təşəbbüslərlə bağlı məsələlərə də toxunulacaq. İnteraktiv müzakirələr iştirakçılara yekun nəticələrin formalaşmasında iştirak etmək imkanı yaradacaq.
Bağlanış sessiyası müxtəlif baxışları vahid istiqamətdə birləşdirərək mənzil təminatı və dayanıqlı şəhər inkişafı sahəsində konkret addımların müəyyən olunmasına xidmət edir.
Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.
Bundan başqa, bu gün WUF tarixində ilk dəfə Liderlər Sammiti baş tutacaq.
Gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin – Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunun sessiyası da keçiriləcək.
Xatırladaq ki, mayın 22-dək davam edəcək forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib.
