Xəbər axtarın

Son axtarış nəticələri:

İnternetdə açıq görünən nə varsa, yiyəsizdir?

22.05.2026 18:50

İnternetdə açıq görünən nə varsa, yiyəsizdir?
On dörd milyard şəkil, bir milyardan artıq videoçarx, 100 mindən artıq musiqi trekləri – hər gün sosial şəbəkələrdə bu sayda media fayllar paylaşılır, dərc edilir.

İnternet və sosial media platformalarının sürətli inkişafı informasiyanın yayılmasını asanlaşdırıb. Bu, faktdır. Lakin bu inkişaf müəllif hüquqları və əqli mülkiyyətin qorunması sahəsində yeni problemlər ortaya çıxarıb.

Çünki çox vaxt paylaşılmış materialın kimə məxsus olması və hansı şərtlərlə istifadə edilə bilməsi məsələsi diqqətdən kənarda qalır. Xüsusilə sosial media platformalarında “paylaşmaq” anlayışının normallaşması bir çox hallarda müəllif hüquqlarının pozulmasına səbəb olur.

Dünyada olduğu kimi, Azərbaycanda da sosial media istifadəsi son illərdə sürətlə artıb. Müxtəlif hesabatlara görə, ölkədə milyonlarla insan hər gün Instagram, YouTube, TikTok və Facebook kimi platformalardan istifadə edir. 2025-ci ilin məlumatlarına əsasən, Azərbaycanda sosial media istifadəçilərinin sayı 6,7 milyonu keçib. Bu isə o deməkdir ki, rəqəmsal mühitdə yayılan hər bir məzmunun çox qısa zamanda geniş auditoriyaya çatma ehtimalı var. Nəticədə müəllif hüquqlarının pozulması halları da qaçılmaz şəkildə artır.

Əqli mülkiyyətə hörmət et!

Müəllif əməyinə hörmət et – bu, rəqəmsal mühitdə etik davranışın əsas prinsiplərindən biridir. Və təəssüf ki, o qədər də ciddi əməl olunmayan bir qaydadır. İnsanlara elə gəlir ki, internetdə açıq şəkildə yerləşdirilən hər bir şəkil, məqalə və ya video avtomatik olaraq “hamının istifadəsinə açıq material” hesab edilir. Bir çox istifadəçi “Google-da tapılıbsa istifadə etmək olar” düşüncəsi ilə hərəkət etsə də, bu yanaşma həm hüquqi, həm də etik baxımdan yanlışdır.

Çünki internetdə açıq görünən hər material “sahibsiz” demək deyil. Bir fotoşəklin, musiqinin və ya videonun arxasında çox vaxt saatlarla zəhmət, yaradıcılıq və maddi resurs dayanır. Buna görə də müəllif hüquqları məsələsi təkcə hüquqi yox, həm də etik məsələ hesab olunur.

Bloqlar və xəbər portalları üçün əsas problemlərdən biri mənbə göstərilmədən məqalələrin köçürülməsidir. Xüsusilə xəbər saytlarında copy-paste jurnalistikası müəllif hüquqları ilə bağlı ən çox rast gəlinən pozuntulardandır. Eyni problem sosial mediada da müşahidə olunur. Fotoqrafın və ya dizaynerin hazırladığı şəkillərin watermark silinərək paylaşılması müəllif əməyinə hörmətsizlik hesab edilir.

İnternet isifadəçiləri praktik baxımdan bir neçə vacib qaydaya əməl etməlidirlər:

• istifadə olunan materialın mənbəyini göstərmək;
• müəllifin adını qeyd etmək;
• kommersiya məqsədli istifadədən əvvəl icazə almaq;
• watermark və müəllif nişanlarını silməmək;
• lisenziyalı və açıq istifadəyə icazə verilən materiallardan istifadə etmək.

Bu qaydalar yalnız hüquqi məsuliyyətdən yayınmaq üçün deyil, rəqəmsal etik davranış mədəniyyətinin formalaşması üçün də vacibdir.

Rəqəmsal aləmdə müəllif hüquqlarını necə qorumaq olar?

Lakin problem ondadır ki, hər gün milyardlarla paylaşımın edildiyi bir mühitdə bu qaydalara nəzarət etmək, müəllif hüquqlarını qorumaq çox çətin, hətta mümkünsüz kimi görünür. Məhz buna görə son illərdə müəllif hüquqlarını qorumaq üçün həm hüquqi, həm də texnoloji mexanizmlər yaradılıb.
Son illərdə ən çox istifadə edilən sistemlərdən biri Creative Commons lisenziyalarıdır. Bu sistem müəllifə öz əsərinin hansı şərtlərlə istifadə edilə biləcəyini əvvəlcədən müəyyən etməyə imkan verir. Məsələn, müəllif əsərin paylaşılmasına icazə verə bilər, lakin adının göstərilməsini tələb edə bilər.

Creative Commons platformasının qurucularından biri olan Laurens Lessig hazırda rəqəmsal müəllif hüquqları sahəsində ən məşhur hüquqşünaslardan biri hesab olunur. Lessigin fikrincə, internetdə davranış qaydalarını yalnız qanunlar müəyyən etmir. Platformaların alqoritmləri, paylaşım sistemləri və texnoloji imkanları da insanların necə davrandığına təsir göstərir. O hesab edir ki, müəllif hüquqları sistemi yaradıcılığı qorusa da, həddindən artıq sərt qaydalar bəzən yeni yaradıcılığın qarşısını ala bilər.

Laurens Lessiq deyir ki, “əgər kitabxana internet sərgisi yaratmaq üçün mütləq hüquqşünas tutmalıdırsa, deməli copyright sistemi yaradıcılığa yük olur”.

Rəqəmsal platformalarda müəllif hüquqlarının qorunması üçün geniş tətbiq olunan mexanizmlərdən biri də Digital Millennium Copyright Act (DMCA) sistemidir. Bu sistem hüquq sahibinə icazəsiz paylaşılmış materialın platformadan silinməsini tələb etmək imkanı yaradır. Xüsusilə YouTube, Instagram və TikTok kimi platformalarda copyright complaint və strike sistemləri bu prinsiplə işləyir.

Məsələn, YouTube-da müəllif hüququ pozuntusu aşkar ediləndə video silinə, gəlir müəllifə yönləndirilə və ya kanal “copyright strike” ala bilər. Bəzi hallarda istifadəçilər bir neçə saniyəlik musiqi istifadəsinə görə belə xəbərdarlıq aldıqlarını bildirirlər.

Ümumilikdə müasir qoruyucu vasitələr arasında aşağıdakılar da geniş istifadə olunur:

• rəqəmsal watermark sistemləri;
• metadata və müəllif məlumatlarının əlavə olunması;
• rəqəmsal imzalar;
• YouTube-un Content ID texnologiyası;
• ödənişli lisenziya müqavilələri.

Bu vasitələr müəlliflərə öz kontentlərini daha təhlükəsiz şəkildə paylaşmağa kömək edir.

İnternetdə açıq görünən nə varsa, yiyəsizdir?

Müasir texnologiyalar və əqli mülkiyyət pozuntuları

Lakin texnologiyanın sürətli inkişafı müəllif hüquqları sahəsində tamamilə yeni problemlər də yaradıb. Xüsusilə Non-fungible token (NFT) texnologiyasının yayılması rəqəmsal mülkiyyət anlayışını dəyişməyə başlayıb. NFT sistemi rəqəmsal əsərlərin satışını və sahiblik hüququnun təsdiqini mümkün etsə də, bir çox hallarda başqasına məxsus şəkillərin və dizaynların icazəsiz şəkildə NFT formasında satışa çıxarıldığı müşahidə olunub.

Rəqəmsal musiqi platformalarında isə icazəsiz remikslər, pirat paylaşım və müəllif gəlirlərinin bölüşdürülməsi əsas problemlərdəndir. TikTok və Instagram Reels kimi platformalar musiqinin sürətlə yayılmasına səbəb olsa da, müəllif hüquqlarının qorunması məsələsini daha mürəkkəb hala gətirib.
Sosial şəbəkələrdə musiqinin sürətlə yayılması müəlliflər üçün həm imkan, həm də risk yaradıb. Bir tərəfdən mahnılar saniyələr içində milyonlarla insana çatır, digər tərəfdən isə icazəsiz istifadə hallarını izləmək çətinləşir. Bu səbəbdən bəzi mütəxəssislər hesab edir ki, internetdə kopyalamanın qarşısını tam almaq mümkün deyil.

Suyun yaş olmasını qadağan etmək olar?

İnternet azadlığı və rəqəmsal hüquqlar barədə ən məşhur çıxış edən şəxslərdən biri olan Cory Doctorov hesab edir ki, internetdə kopyalamağın qadağan edilməsi mümkün deyil. Onun fikrincə, internetdə kopyalamanın məhdudlaşdırılması suyun yaş olmasının qadağan edilməsinə bənzəyir.

Bununla belə, rəqəmsal məhsulların oğurlanması və icazəsiz satışı rəqəmsal iqtisadiyyatda yeni hüquqi risklər yaradır. Məsələn, oyun sənayesində istifadə olunan virtual məhsullar — skinlər, avatarlar, 3D dizaynlar və rəqəmsal aksesuarlar da artıq əqli mülkiyyət obyektinə çevrilib. Bu məhsulların icazəsiz kopyalanması, satılması və başqa platformalarda istifadə olunması böyük maliyyə zərərlərinə səbəb olur. Xüsusilə oyun sənayesində virtual məhsulların real pulla satılması rəqəmsal oğurluq hallarını daha ciddi problemə çevirib.

Rəqəmsal texnologiyalar insanların məlumat paylaşım imkanlarını genişləndirsə də, müəllif hüquqları və əqli mülkiyyətin qorunmasını daha mürəkkəb hala gətirib. Bu gün internet istifadəçiləri yalnız texnoloji imkanlardan deyil, eyni zamanda rəqəmsal etik davranış prinsiplərindən də xəbərdar olmalıdırlar. Müəllif hüquqlarına hörmət etmək təkcə hüquqi məsələ deyil, həm də yaradıcı əməyə və insan zəhmətinə verilən dəyərin göstəricisidir.

Bu gün bir şəkli paylaşmaq, bir videonu yenidən yükləmək və ya bir musiqidən istifadə etmək cəmi bir neçə saniyə çəkir. Lakin həmin materialın arxasında duran yaradıcı əməyə hörmət etmək rəqəmsal dövrdə ən vacib məsuliyyətlərdən birinə çevrilib. Odur ki, hər kəsi müəllif hüquqlarına hörmət etməyə, hər hansı materialı paylaşarkən “Share” düyməsinə basmazdan əvvəl düşünməyə və ən azından müəllifinə istinad etməyə çağırırıq.

Fidan Əli

P.S. Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Rəqəmsal məkanda əqli mülkiyyətə hörmət” layihəsi çərçivəsində hazırlanıb.

Paylaş: